Azərbaycanın iki cüdoçusu Elmar Qasımov və İrina Kindzerska dünya çempionatında bürünc medal qazanıb YENİLƏNİB

Bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edən digər idmançımız İrina Kindzerska niderlandlı Tessie Savelkouls üzərində qələbə qazanıb. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstanda keçirilən dünya çempionatında ikinci bürünc, ümumilikdə, dördüncü medalı komandamızın aktivinə yazdırıb. Əvvəlki yarış günlərində millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

19:41

Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki titullu cüdoçusu – dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Komanda yoldaşı olan rəqibini vaza-ari xalı ilə məğlub edən Elmar Qasımov Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.

18:54

Yarımfinal mərhələsində mübarizə aparan digər cüdoçumuz İrina Kindzerska rəqibi dünya çempionu Çin təmsilçisi Sonq Yuya məğlub olub. Beləliklə, o, bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edəcək. İdmançımızın növbəti rəqibi bu il Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi niderlandlı Tessie Savelkouls olacaq.

18:32

Kişilərin yarışında 100 kiloqram çəkidə mübarizə aparan sonuncu Avropa çempionu Elxan Məmmədov finala yüksələ bilməyib. Yarımfinalda Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə məğlub olan otuz beş yaşlı idmançımız komanda yoldaşı yarışdakı digər təmsilçimiz Elmar Qasımovla bürünc medal uğrunda görüşə çıxacaq.

18:09

Təmsilçimiz Elmar Qasımov dünya çempionatının bürünc medalı uğrunda ilk təsəlliverici görüşdə 2015-ci ilin dünya çempionatının mükafatçısı Belçika idmançısı Toma Nikiforova qalib gəlib.

15:49

Azərbaycan cüdoçusu Elxan Məmmədov rusiyalı Kazbek Zankişevlə görüşdə rəqibini məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb. 2013-cü ilin dünya çempionatının qalibi olan idmançımız növbəti mərhələdə medallar uğrunda Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gələcək.

Cüdoçumuz Elmar Qasımov isə dünya çempionatının üçüncü qarşılaşmasında yaponiyalı Aaron Volf ilə görüşüb. Qarşılaşma rəqibin üstünlüyü ilə başa çatıb.

15:19

İrina Kindzerska dörddəbir finalda Bosniya və Herseqovinanı təmsil edən Larisa Cericə vazari xalı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Onun bu mərhələdəki rəqibi 2015-ci ilin dünya çempionu çinli cüdoçu Sonq Yu olacaq.

15:09

Dünya çempionatının ikinci qarşılaşmasında portuqaliyalı Jorge Fonseka ilə güləşən cüdoçumuz Elmar Qasımov rəqibinə ipponla qalib gələrək dörddəbir final mərhələsinə vəsiqə əldə edib. Onun növbəti rəqibi yaponiyalı Aaron Volf olacaq.

Elxan Məmmədov isə ikinci görüşündə ukraynalı Anton Savitskini ipponla mübarizədən kənarlaşdıraraq növbəti mərhələdə yarışmaq imkanı qazanıb.

14:32

Qadın cüdoçumuz İrina Kindzerska ikinci görüşündə litvalı Santa Pakenyteni məğlubiyyətə uğradaraq dörddəbir finala vəsiqə əldə edib. Bu mərhələdə idmançımızın rəqibi Bosniya və Herseqovinanı təmsil edən Larisa Ceric olacaq.

14:15

Rio Olimpiadasının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov dünya çempionatına uğurlu start verib. İlk qarşılaşmasında beynəlxalq Qran-pri turnirlərinin qalibi, monqolustanlı Otqonbatar Lxaqvasurenlə güləşən cüdoçumuz rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

13:58

Dünya və Avropa çempionumuz Elxan Məmmədov ilk görüşünü qələbə ilə başa vurub. “Böyük dəbilqə” turnirlərinin mükafatçısı kanadalı Kayl Reyesdən qızıl xalla üstün olan cüdoçumuz növbəti mərhələyə yüksəlib.

13:18

Qadınların mübarizəsində tatami üzərinə çıxan təmsilçimiz, “Bakı-2017”nin gümüş mükafatçısı İrina Kindzerska ilk görüşünü qələbə ilə başa vurub. O, toqolu idmançı Essoxanam Korosu məğlub edərək növbəti mərhələyə adlayıb. Bu mərhələdə qadın cüdoçumuz 2015-ci ildə Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin ikincisi, litvalı Santa Pakenyte ilə üz-üzə gələcək.

Kişilərin 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri isə ilk qarşılaşmasında braziliyalı Rafael Silvaya məğlub olaraq çempionatda mübarizəni dayandırıb.

10:13

Macarıstanda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edəcək Rio Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) – Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, “Bakı-2017″nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) – Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində tatami üzərinə çıxacaq təmsilçimiz – “Bakı-2017″də ikinci yeri tutmuş İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq.

İlk görüşlər Bakı vaxtilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə iştirak edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədir və yarışları izləyir.