Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 73 minə çatıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.
Qurumun Banqladeşdəki nümayəndəsi Vivian Tanın sözlərinə görə, bu rəqəm müsəlmanlara hücumların başladığı 25 avqust tarixindən bu yana hesablanıb.
Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.
Hazırda Arakandan qaçan on minlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.
Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.