Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərlə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-Ermənistanın xarici işlər naziri Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında yenə münaqişənin həlli prosesinə, ABŞ-dan olan həmsədr Riçard Hoaqlandın bəyanatına toxunub. Aydın şəkildə görünür ki, Ermənistan tərəfində ciddi təlaş və narahatlıq var. Bu təlaşın səbəbi nədir?
-Ermənistanın xarici işlər naziri artıq dördüncü dəfədir ki, eyni mövzuya toxunur və hər dəfə bir-birindən fərqli və biri digərini inkar edən açıqlamalar verir. Aydındır ki, danışıqlar prosesinin mahiyyəti barədə Ermənistan ictimaiyyətini daim aldadan Ermənistanın xarici işlər naziri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün indi müxtəlif bəhanələr və yalanlarla özünə bəraət qazandırmağa çalışır. Ermənistan tərəfi gah ABŞ-dan olan həmsədr Riçard Hoaqlandın səsləndirdiyi bəyanatların yeni olmadığı, gah artıq bu prinsiplərin aktuallığını itirdiyi, gah Ermənistanın buna razı olduğu, gah da ki, bunun bütün həmsədrlərin mövqeyini əks etdirmədiyi kimi cəfəng və ziddiyyətli bəyanatlar verir.
Əslində bununla Ermənistan özü-özünü ifşa edir. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında əks olunan, ABŞ-dan olan həmsədr R.Hoaqland tərəfindən bir daha səsləndirilən və digər həmsədrlər tərəfindən dəstəklənən bu prinsiplər əsasında münaqişənin həlli üzrə ciddi danışıqlara konkret cavab vermək əvəzinə söz oyunu ilə məşğuldur. Nə zaman ki, münaqişənin həlli ilə əlaqədar konkret məsələlər gündəmə gəlir, o zaman Ermənistan siyasi avantüraya, tavtoloji söz oyununa və onun ardınca hərbi təxribatlara əl atır. Ermənistan tərəfinə çox yaxşı aydındır ki, danışıqlar masasında olan təkliflərin mahiyyətini və məğzini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Ermənistanın məqsədi isə danışıqların mahiyyətindən yayınmaq, hər vəchlə danışıqlara texniki xarakter vermək və danışıqların imitasiyası yolu ilə işğala əsaslanan status-kvonu saxlamaqdır. Hətta Ermənistan tərəfi texniki məsələləri hədəf seçərək danışıqlara qeyd-şərt qoymağa belə çalışırdı. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var. Substantiv danışıqları bütün beynəlxalq ictimaiyyət dəstəkləyir. Bu danışıqlar R.Hoaqland tərəfindən səsləndirilən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən dəstəklənən münaqişənin həlli prinsiplərinin ciddi müzakirəsini və nəticə etibarilə, münaqişənin həllini nəzərdə tutur.
Ona görə də məsələyə Vladimir İliç Leninin “kəmiyyət də keyfiyyətdir” prinsipi ilə yanaşan Ermənistan xarici işlər naziri gülünc şəkildə indiyə qədər keçirilən görüşlərin statistikasını verir və Ermənistanın qəsdən imitasiya etdiyi görüşlərin də substantiv olduğunu iddia edir. Məqsəd görüşlərin sayı deyil, münaqişənin həll edilməsi və regionda davamlı sülhün təmin edilməsidir. Ermənistan yürütdüyü işğalçı və destruktiv siyasətə görə buna hələ də nail olunmayıb.
-Ermənistan xarici işlər naziri həmin mətbuat konfransında yenə hansısa prinsiplərdən danışır, atəşkəs rejiminə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Azərbaycanın münaqişənin həlli prinsiplərinə seçimli yanaşdığını iddia edir.
-Yalançını axıra qədər qovarlar məntiqi ilə yanaşaraq, Ermənistan xarici işlər nazirinin təqdim etdiyi ardıcıllığa uyğun olaraq onun yalanlarını ifşa etmək lazımdır.
Birincisi, Ermənistan XİN rəhbəri tərəfindən Helsinki Yekun Aktına və ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində verdikləri açıqlamalara zidd olaraq, güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin ardıcıllığı qəsdən təhrif olunmuş formada təqdim edilir və öz müqəddəratını təyin etmək ərazi bütövlüyündən əvvələ qoyulur. Xatırlatmaq istərdik ki, həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında münaqişənin həllinə dair prinsiplər də Helsinki Yekun Aktına uyğun olaraq bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə.
Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.
Eləcə də Helsinki Yekun Aktında dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Beləliklə, Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan məhz Ermənistandır.
İkincisi, Ermənistan xarici işlər naziri atəşkəs rejiminin mahiyyətini təhrif etməkdə, sənədləri kontekstdən çıxararaq yalnız öz maraqlarına uyğun olaraq təqdim etməkdə davam edir. Atəşkəs sülh deyil və ola da bilməz. Atəşkəs davamlı sülhə nail olmaq üçün bir imkandır.
Ümumiyyətlə, atəşkəs haqqında sənədlər siyasi vakuum şəraitində meydana gəlməyib və ondan əvvəl və sonra münaqişə ilə əlaqədar bir sıra sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in Budapeşt sənədi qəbul olunub.
Ermənistanın istinad etməyi çox sevdiyi 1994-cü il 4-5 may tarixli Bişkek protokolunda deyilir: ən intensiv şəkildə hərbi əməliyyatların başlamamasını, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və qaçqınların geri qayıtmasını təmin edən hüquqi sənədin hazırlanması üçün iş başlanılsın və danışıqlar prosesi davam etdirilsin.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;….silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci il 5 noyabr tarixli “Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək istərdim. Bu sənəddə konkret olaraq müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər var.
Ermənistan bu sənədləri inkar etməyə və yalnız atəşkəs rejiminin bəzi epizodlarını gündəmə gətirməyə çalışır.
Üçüncüsü, Ermənistan xarici işlər naziri ölkəsinin BMT Nizamnaməsi ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini təhrif edir, Ermənistan diplomatiyasına məxsus məntiqsizliklə onların artıq qüvvədən düşdüyünü iddia edir və guya həmsədrlərin onlara istinad etmədiyini deyir.
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə əsasən həmsədrlər öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.
BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.
874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
BMT baş katibinin 1994-cü il 31 oktyabr tarixli SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. Birinci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. İkinci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. Üçüncü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. Dördüncü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.
Ermənistan xarici işlər naziri o qədər tavtologiyaya yol verir ki, onun sıralamasında dördüncü və beşinci iddialara birlikdə cavab vermək məcburiyyətindəyəm. Ermənistan xarici işlər nazirindən fərqli olaraq Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin sözlərini və bəyanatlarını təhrif etmir və Minsk qrupunun həmsədr ölkələrinin adından danışmır.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli ilə əlaqədar təqdim edilən prinsiplər və hazırda danışıqlar masasında olan təkliflər Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən irəli gələrək münaqişənin mərhələli həllini nəzərdə tutur. Burada birinci addımın icra olunması növbəti addımların həyata keçirilməsi üçün zəmin hazırlayır. Yəni, ilk addım kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərindən çıxarılması təmin olunmalıdır ki, məcburi köçkünlər geri qayıtsın və digər təhlükəsizlik tədbirləri həyata keçirilsin. Ermənistan tərəfi isə arabanı atın qarşısına qoymaq prinsipi ilə məsələlərə yanaşır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədrlər tərəfindən irəli sürülən və hazırda danışıqlar masasında olan təkliflər əsasında münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır. Necə deyərlər top Ermənistanın meydanındadır. Ermənistan beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın mövcud təkliflər əsasında ciddi danışıqlara başlamaq barədə çağırışlarına konkret cavab verməlidir. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.