Qənirə Paşayeva: “Azərbaycanda süni mayalanma üçün nəzərdə tutulan müddət azaldılmalıdır”

“Azərbaycanda vaxtı ilə orqan və toxumaların transplantasiyası ilə bağlı qəbul edilən qanunun müddəası tam şəkildə işləmir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, ölkədə yalnız böyrək və qaraciyərin köçürülməsi aparılmaqla transpalnatalogiya inkişaf edə bilməz: “Ona görə də Səhiyyə Nazirliyinin rəsmiləri Səhiyyə Komitəsinin iclasına dəvət olunmalı və aydınlaşdırılmalıdır ki, əgər bu sahədə heç bir problemlər yoxdursa, niyə bu mexanizmlər həyata keçirilmir. Çünki bu kimi çatışmazlıqlar ölkəmizin imicinə zərər gətirir. Ölkənin səhiyyəsində bu sahədə bir çox imkanlar ola-ola xəstələr məhz xaricə üz tutur. Nəzərə də almaq lazımdır ki, hər xəstə xaricə üz tuta bilmir. Həm də valyuta ölkəmizdən kənara axır”.

Komitə üzvü qeyd edib ki, bu gün ölkədə hələ də ailə üzvlərinin orqanlarından istifadə edilir: “Donor tapılmayanda isə əməliyyat mümkün olmur. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Həmçinin, donor olmaq istəyənlərin mexanizmi də yoxdur. Misal olaraq, mən özüm vəsiyyət yazaraq demişəm ki, orqanlarım bağışlansın. Amma sabah mənə nəsə olsa, prosesin necə baş verəcəyini bilmirəm. Hər il orqan çatışmazlığından əziyyət çəkən çoxlu sayda gənc dünyasını dəyişir”.

Q.Paşayeva eyni zamanda, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun vacibliyinə də toxunub. O bildirib ki, Azərbaycanda övladı olmayan ailələrin boşanması halları kifayət qədərdir: “Adıçəkilən qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Layihəyə görə ər-arvadın 10 il ərzində övladı olmursa, onda dövlət onlara süni mayalanma üçün yardım göstərəcək. Mütəxəssislər isə bu müddətin çox olduğunu deyir. Əgər dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, deməli bu müddəti 5 ildən başlayaraq edə bilər. Çünki 10 il müddətinə qədər bu səbəbdən ailələrin çoxu dağıla bilər. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə azaltmaq məsələsinə baxılmalıdır. Burada yaş və digər amillər də rol oynayır”.