Ötən ilin bu günü ölkə teleməkanında bir kanal adını dəyişdi. “Region TV” şəbəkəsi öz brendini yeniləyərək “ARB Media Qrup” oldu.
Hələ o zaman kanaldan açıqlama gəldi ki, dəyişən tək adımız olmayacaq, yayım konsepsiyasından tutmuş, efir dizaynına, yaradıcı tərtibata qədər bir çox şeyi dəyişəcəyik. Məhz elə də oldu.
ARB yayıma başladığı ilk gündən milli efir məkanımıza yenilikləri və fərqlilikləri ilə daxil oldu. Ötən bir ildə kanal kifayət qədər böyük tamaşaçı auditoriyyası toplamağı bacardı. Tamaşaçı bu mövsümdə də ARB-dən maraqlı efir gözləyir. Hələ yeni mövsümə tam başlamamış kanalın hazırkı efirindən də uğur qoxusu gəlir.
“Bax ki, baxasan” şüarı ilə yayımını davam etdirən ARB TV-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov keçilən 1 illik efir yolunu belə ifadə edir: “Media və TV yayımçılığı sürətlə dəyişir və yenilənir. İmkanlar genişlənir, zövqlər dəyişir, dəblər çox tez bir vaxtda köhnəlir. Bu sürətli dəyişmə, yeniliklərə uyğunlaşmaq olduqca çətindir, amma mümkündür. Televiziya mütəxəssisləri bilir ki, cəmi 1 ilə hansısa TV kanalın konsepsiyasını köklü sürətdə dəyişmək necə çətin bir prosesdir. Amma biz inanılmazı bacardıq. Daha dinamik, daha maraqlı, daha rəngarəng, yeni media trendlərinə uyğunlaşan, fərqli bir efir konsepsiyası ilə, yeni adla tamaşçılarımızın qarşısına çıxdıq. İnanırıq ki, bu bizdə alındı. Televiziyaların reytinqlərini ölçən şirkətlərin açıqladığı məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu ilin yanvarından bu günə kimi ARB TV öz auditoriyasını 3 dəfədən çox artırıb. Belə deyək, ilin əvvəlində yerli və xarici kanallar arasında ümumi izlənmə payımız 2 % idisə, hazırda bu rəqəm 7-8%-i keçir. Cəmi 1 ildir efirdə olan bir kanal üçün bu kifayət qədər uğurlu nəticə hesab edilə bilər.
Bu mövsümə də kifayət qədər əzmlə hazırlaşmışıq və uğur xəttimizin davam edəcəyinə də inanırıq. Tamaşaçılarımız başda olmaqla, bizə dəstək olan hər kəsə, hər bir quruma öz minnətdarlığımızı bildiririk.