Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritet istiqamətlərindən biri meşələrin qorunub mühafizə olunması və meşə ərazilərinin artırılmasından ibarətdir. Ötən il Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” Sərəncamına uyğun olaraq aqromeşə massivlərinin salınmasına başlanılıb. Həyata keçirilən tədbirlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Artıq müxtəlif növ və cinslərdən ibarət 2001 hektar sahədə yeni aqromeşə massivləri salınıb. Cari ildə də bu işlər davam etdirilir. Ümumiyyətlə, 2017-2021-ci illərdə 22 min hektar ərazidə yeni meşə massivlərinin salınması nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov məxsusi müsahibəsində məlumat verib.
S.Salmanov bildirib ki, əkin işləri əsasən yaz və payızda aparılır. Doqquz ay ərzində 1606 hektar ərazidə yeni aqromeşə massivləri salınıb. Cari ildə indiyə kimi 2 milyona yaxın ağac əkilib. Qoz, badam, fındıq, alma, ərik, və eyni zamanda, baramaçılığın inkişafı üçün nəzərdə tutulmuş tut ağacları üstünlük təşkil edib. Payız mövsümündə isə 2300 hektar ərazidə 1 milyona yaxın ağac əkilməsi planlaşdırılıb.
Sektor müdiri qeyd edib ki, meşə fondu torpaqları respublika ərazisinin 14 faizini təşkil edir. Meşə ilə örtülü ərazilər isə 11,8 faizə bərabərdir. Son 15 il ərzində meşəbərpa tədbirləri 2,5 dəfə artırılıb. Nəticədə meşə ilə örtülü ərazilərin sahəsində 0,4 faiz artım (11,4-dən 11,8 faizə) qeydə alınıb.