Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Nurəddin Caniklini Türkiyə Respublikasının milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirdi ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.
Milli müdafiə naziri Nurəddin Canikli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirdi ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. Nurəddin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırladı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.