Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olub.
Xanım səfiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Hörmətli qonağa LDU,burada son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar,kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tədbiqi və sair barədə ətraflı məlumat verilib.
Universitetdə fəaliyyət göstərən xarici dil kafedrasının işindən ətraflı bəhs edən rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq ,keyfiyyəti yüksəltmək məqsədi ilə bu dildə səfirliyin xətti ilə xüsusi dil kurslarının açılmasına ehtiyac duyulduğunu qeyd edərək bu məsələyə xanım səfirin yardımçı olmasını xahiş edib.Söhbət əsnasında Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlığın,tələbə-müəllim mübadiləsinin forma və istiqamətləri müzakirə edilib,LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin bu ölkənin nufuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi xanım səfirin diqqətinə çatdırılıb
Xanım səfir Karol Krofts belə bir təkliflə təmsil etdiyi ölkənin aidiyyatı qurumlarını məlumatlandıracağını deyərək məsələnin həllinə yardımçı olacağını vəd edib.Sonra xanım Karol Krofts LDU-nun tələbələri ilə görüşüb. Universitet rəsmilərinin və medianın iştirakı olmadan keçirilən görüşdə Böyük Britaniyalı diplomat tələbələri maraqlandıran çoxsaylı suallları cavablandıraraq onlarla canlı təmas yaradıb.
Tələbələrlə görüşdən sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım səfirə universitetdən xatirə kimi universitetin ingilis dili müəllimi Aynur Rzayevanın əl işi olan, bölgə təbiətini əks etdirən tablo hədiyyə edib.Universitetdəki görüşdən aldığı təəssüratla bağlı medianın sualını cavablandıran xanım diplomat LDU ilə tanışlığın onda xoş hisslər oyatdığını,tələbələrin hazırlıq səviyyəsindən,səmimi diskussiyadan razı qaldığını və cənub təbiətinə,qonaqpərvərliyinə məftun olduğunu bildirib.Sonda xatirə şəkilləri çəkilib.