Elmira Süleymanova Türkiyə prezidenti ilə görüşdü

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Türkiyə ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunan Beynəlxalq Ombudsmanlar Konfransında, həmçinin üzvü olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında iştirak edib. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkələrinin ombudsmanlarının iştirak etdiyi bu tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. Türkiyə Prezidenti dünyada sülhün, ədalətin bərqərar olmasında, həmçinin insan hüquqlarının müdafiəsində və layiqli idarəetmənin təbliğində ombudsman institutlarının əhəmiyyətini vurğulayıb.

Açılış nitqindən sonra Azərbaycan Ombudsmanı Türkiyə Prezidenti ilə görüşüb.

Müvəkkil beynəlxalq tədbirin birinci sessiyasında çıxış edərək Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində mövcud müsbət təcrübədən danışıb. O, dünyada baş verən müharibə və münaqişələrin insan hüquqlarının kobud şəkildə pozulmasının əsas səbəbini təşkil etdiyini və bunların qarşısı alınmadığı təqdirdə gələcək nəsillərin daha çox zərər görəcəyini bildirib. Ombudsman Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü, onların hüquqlarının pozulduğunu, dinc əhalinin erməni hərbi qüvvələri tərəfindən müntəzəm şəkildə silahlı hücumlara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin E.Süleymanova qeyd edib ki, müasir dövrümüzün ağrılı yarası olan Xocalı soyqırımının bir sıra dünya ölkələrinin parlamentləri tərəfindən tanınması, lakin insanlığa qarşı törədilmiş bu cinayətin səbəbkarlarının hələ də cəzalandırılmaması onları yeni cinayətlər törətməyə sövq edir. Bu baxımdan müharibələr və silahlı münaqişələrin dayandırılmasında, dünyada sülhün bərqərar olmasında ombudsman institutlarının əhəmiyyətinə diqqət çəkən Azərbaycan ombudsmanı bu istiqamətdə həmrəyliyə və birgə fəaliyyətlərin gücləndirilməsinə çağırış edib.

Elmira Süleymanova səfər çərçivəsində Azərbaycan Ombudsman İnstitutunun üzvü olduğu İslam Ölkələri Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında da iştirak edərək qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində razılıqla qarşılanmış bir sıra təkliflər səsləndirib.