İstanbuldakı xarici tələbələr üçün Azərbaycan Günü keçirilib.
Trend-in məlumatına görə, təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizim potensialı haqqında məlumatlar verilib
“İslahatçı Gənclər” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə İstanbul Aydın Universitetində (İAU) xarici tələbələr üçün “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib.
30 ölkədən 50-dən çox xarici tələbənin qatıldığı təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizim potensialı, keçmişi və bu günü haqqında məlumatlar verilib, tələbələrin təqdimatında maraqlı sənədli filmlər nümayiş olunub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri özündə əks etdirən filmin nümayiş etdirilib.
Birliyin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, hazırda Türkiyədə təhsil alan 80 mindən artıq xarici tələbə həmçinin təmsil etdikləri ölkələrin könüllü elçiləridir: “Bu mənada biz xarici tələbələr arasında Azərbaycan həqiqətlərinin təbliğ edilməsinə, onlara ölkəmizin turizim potensialı haqqında məlumatların verilməsinə çalışmalıyıq. Belə təqdimatları Türkiyənin digər universitetlərində də təşkil etməyi planlaşdırırıq”.
İstanbul Aydın Universitetinin beyəlxalq əlaqələr üzrə direktoru Selman Arslanbaş Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək Azərbaycanla bağlı çoxsaylı tədbirlərin keçirilməsində maraqlı olduqlarını bildirib.
Azərbaycanla bağlı təqdim olunan film və təqdimatlar xarici tələbələr tərəfindən böyük maraqla qarşılanıb.