Prezident: “Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək”

“Bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir. Yəni 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan – gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır”.

“Report”un xəbərinə görə, bunu dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

“Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident deyib ki, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək: “Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram”.