“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbirlər Biləsuvar rayonu və Şirvan şəhərindəki orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Hər iki tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” mövzusunda çıxış edib.
Toplantılarda “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, “Narkotiklər haqqında nə bilirik?”, “Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında məruzələr dinlənilib, müvafiq qurumların təmsilçiləri çıxış ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş olunub.