Oyunun sonuncu setində – tay-brekdə 15:12 hesabı ilə üstün olan Niderland millisi finala vəsiqəni təmin edib.

20:11

Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Beləliklə, oyunda ümumi hesab bərabərləşib – 2:2. Matçın qalibi tay-brekdə məlum olacaq.

19:33

Qarşılaşmanın üçüncü seti Niderland yığmasının üstünlüyü ilə başa çatıb – 25:19.

19:00

Görüşün ikinci setində təşəbbüsü ələ alan Niderland təmsilçiləri 25:19 hesabı ilə üstün olublar. Beləliklə, matçda hesab bərabərləşib – 1:1.

18:30

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qələbə qazanıblar.

18:01

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar.

Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.