Bir neçə gün bundan əvvəl Bakının bir neçə məktəbində təhsil alan şagirdlərin valideynləri müəllimlərin məcburi şəkildə iş dəftəri aldırması ilə bağlı Modern.az saytına şikayət məktubu göndərmişdi. Şikayətdə dərs başlayandan bəri müxtəlif iş dəftərlərinin alınması qeyd olunurdu. Valideynlər buna görə əlavə dərs vəsaitlərinə məcburi qaydada pul ödədiklərini deyiblər.
Modern.az saytının soruğusuna Bakı şəhəri Baş Təhsil İdarəsindən cavab verilib. Bildirilib ki, məsələ ilə bağlı konkret tələb qoyulmayıb.
“Ümumi təhsil müəssisələrində “İş dəftərləri”nin şagirdlər tərəfindən istifadəsi ilə bağlı konkret tələb qoyulmayıb. Lakin mövcud kurikuluma uyğun olaraq, bir sıra hallarda şagirdlərin əlavə tədris vəsaitlərindən istifadəsi zərurəti yaranır.
Bu baxımdan dərsliklərdəki mövzuların şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində digər vəsaitlərə nisbətən “İş dəftərləri”nin daha faydalı vəsait kimi qəbul olunması şəxsi iradəyə bağlı məsələdir. Odur ki, məktəblər “İş dəftəri”nin şagirdlərin müstəqil çalışması üçün lazım olan tapşırıq dəftəri və məktəblilərin ümumi inkişafına təsir edən vəsait kimi valideynlər tərəfindən alınması məsələlərinə müdaxilə etmir”.