Ətirlər qadınların gündəlik vaz keçmədikləri vasitələr sırasındadır. Di gəl ki, şarmı sevən xanımlarımız 100, 200, 300, 700, hətta 1000 manatdan çox pul ödəyərək aldıqları ətirlərin qoxusunun qalıcı olmamasından şikayətçidirlər. Elə bil, qiyməti bahalaşdıqca, ətirlərin qoxusu da manat kimi devalvasiyaya uğrayır…
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ətirlərlə bağlı müraciətlər daxil olduğunu bildirib:
“İstehlakçı müraciət edib və haqlı tələbləri olduğu halda Xidmət tərəfindən təmin edilib. Müraciətlər əsasən, alınan ətirin geri qaytarılması (qablaşdırmada problem olduğu üçün), dəyişdirilməsi ilə bağlı olub”.
A.Əliyev bildirib ki, ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır:
“Əvvəlcədən əldə edilmiş resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır.
Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir. Parfümer mayelərin tərkibi 20%-i təbii ətirli maddələrdən, 80%-i sistetik maddələrdən və müəyyən rəng vermək üçün rəngləyicilərdən ibarətdir. Bununla belə həmin mayelər dəridə və paltarda heç bir iz buraxmamalıdır.
Ətriyyat mayelərin ən əsas keyfiyyət göstəriciləri, onların iyinin uzun müddət qorunub saxlanmasıdır, çünki ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya getdikdən sonra hiss olunmalıdır.
Ətriyyat mayelərinin markalanması üçün etiketlərdən istifadə olunur”.
Qurum rəsmisi qeyd edib ki, bahalı və sevimli markadan olan ətirlər belə xoşagəlməz qoxuya malik ola bilər və allergiyaya meyilli insanlarda əks reaksiya yarada bilər:
“Yerində yoxlamaq baxımından ətri flakonsuz almaq olar. Ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik materiallı flakonlara qablaşdırılır. Flakonun ağzı şüşə, polietilen örtüklü şüşə, plastmas və yaxud da metaldan olan vintkəsikli başlıqlarla sıx bağlanır.
Ətir flakonları adi və bədii tərtibatlı futlyar və ya korobkalara yerləşdirilir. Bəzən açıq halda, futlyar və korobkasız da olurlar. Belə olduqda onları kağıza büküb yanları tikmə formalı karton karobkalara qablaşdırırlar.
Qablaşdırmada istifadə olunan rənglər və forma dizayner tərəfindən müəyyən olunur. Malın adı üz tərəfdəki etiketdə göstərilir, digər göstəricilər isə (malın qrup adı, istehsalçı ölkənin adı, istehsalçının hüquqi ünvanı, sertifikatlaşdırma haqqında informasiya, mayenin tərkibi, həcmi, malın standart göstəriciləri, istehsal olunduğu ay, il, saxlama müddəti, malın ştrix kodu) qablaşdırmanın üzərində yazıla bilər.
Markalanarkən flakona bədii tərtibatlı etiket yapışdırılır. Etiketin üz tərəfində məhsulun adı, əks tərəfində və ya futlyarda (əks tərəfində və ya dibində) əmtəə nişanı və ya istehsalçı müəssisənin adı və ya yeri, ünvanı, istehsal ayı və ili, standart nömrəsi və ya məhsulun keyfiyyət qrupu, ştrix-kodu qeyd olunur.
Ətir ticarət şəbəkələrinə üstü bağlı nəqliyyat vasitələrində daşınmalıdır.
Ətirin istifadə müddəti qutusu açılmamışlarda orta hesabla 3 il, açılmışlarda isə 6-18 aydır. Ona görə də böyük flakonlu ətir alarkən göstərilən müddətdə istifadə edilib-edilməyəcəyini düşünmək lazımdır. Lakin düzgün olmayan saxlama zamanı ətir daha tez müddətə keyfiyyətini itirə bilər. Onu əsasən isti, nəmişlik, gün və elektrik şüalarından qorumaq lazımdır. Şkaf və ya komodda saxlanması təhlükəsizlik baxımından əlverişlidir.
Satış məntəqələrindən alan zaman qablaşdırılmasına ciddi fikir verilməli əzik, cızıq, qopma olmamalıdır. Markalanması diqqətlə oxunmalıdır.
Ətir alan alıcıya həmin malların iyi ilə tanış olmaq üçün şərait yaradılmalıdır. Bunun üçün ətirli maye hopdurulmuş kağız parçaları və məsaməli materiallardan istifadə olunur. Əgər malın qablaşdırılması xüsusi örtük və ya lentlə bərkidilibsə, alıcıya onu açmaq və içərisində olanı yoxlamaq imkanı verilməlidir. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırılması alıcının iştirakı ilə, satıcı tərəfindən yoxlanılmalıdır. Əgər hansısa səbəbdən tələb olunan lazımi keyfiyyətlərə malik ətir alıcının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirə bilməz. Çünki parfümer-kosmetik mallar özünəməxsus keyfiyyətə malik olan qeyri-məişət malları siyahısına daxildir ki, bu mallar da başqa analoji malla dəyişdirilə və geri qaytarıla bilməz”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Modern.az-a deyib ki. məhsulun qiymətinin ucuz olması onun keyfiyyətindən xəbər verir:
“Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ölkəyə belə saxta malların daxil olmasının səbəbi istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. İstehlakçılarımız şüurlu surətdə özlərini aldadırlar. Amma bu o demək deyil ki, bahalı və prestijli mağazalardan alınan ətirlərin hamısı orijinaldır. Ölkədə hər bir ətrin saxta variantı mövcuddur. Orijinal malın ölkəyə daxil olduqdan 1 həftə sonra saxta versiyası meydana çıxır. Orijinal ətirlərin saxta versiyası əsasən Çindən gətirilir”.
AİB sədri qeyd edib ki, qeyri-sanitar şəraitdə saxlanılan bu vasitələrin təxminən 50 faizi tələblərə cavab vermir:
“Hətta ən prestijli, bahalı dükanlarda da saxta ətriyyat məmulatlarına rast gəlmək olar. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə dünyada müasir parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Dubay, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi isə Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur. Arzuolunandır ki, istehlakçıkar sağlamlıqları naminə sadalananlara diqqət etsinlər”.