“Barcelona”nın yay transfer pəncərəsi zamanı Çinin “Guangzhou” klubundan 40 milyon avroya transfer etdiyi Paulinyo maraqlı fikirlər səsləndirib.
Braziliyalı dayaq yarımmüdafiəçisi transfer olunacağı xəbərini Braziliya – Argentina matçında Messidən öyrənib. 29 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında Messi ilə bu mövzudakı söhbətini xatırlayıb:
“Braziliya – Argentina matçında cərimə zərbəsi yerinə yetirməyə hazırlaşırdım. Messi yaxınlaşıb: “Barcelona”ya gedirik, yoxsa getmirik?” deyə soruşdu. Mən də cavabında “Məni Barselonaya aparmaq istəyirsənsə gələrəm” dedim. Düzü bu söhbət məni həyəcanlandırdı və zərbəm çox bərbad alındı.
Paulinyo transferi reallaşdıqdan sonra verdiyi açıqlamada da təəccübünü gizlətməmişdi: “Hazırda özümü boşluqda hiss edirəm. Transferimə çox təəccübləndiyimi etiraf etmək məcburiyyətindəyəm. Açığı, “Barcelona”nın məni niyə transfer etdiyini bilmirəm. Çinə getdikdən sonra, belə geri dönüş gözləmirdim”.