“Las-Veqasda baş vermiş hadisə çox dəhşətlidir”.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Las-Veqasda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən insidentə münasibət bildirərkən deyib. Səfir qeyd edib ki, hadisəni bir nəfər törədib: “Biz yıxıldıqdan sonra özümüzdə cəsarət tapıb, yenidən ayağa qalxmalı və həyatımızı davam etdirməliyik”.
Qeyd edək ki, ABŞ-ın Las-Veqas şəhərində, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açması nəticəsində 59 nəfər ölüb, 527 nəfər xəsarət alıb. Həmin şəxs daha sonra intihar edib. Bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.