Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.
DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və Komitə bu fəaliyyətini ardıcıl olaraq davam etdirməlidir.
Ölkəmizdəki tolerantlıq mühitindən də danışan M.Qurbanlı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Tasua” və “Aşura” günü məscidlərdə aparılan xüsusi monitorinqlər barədə hesabat məruzəsi dinlənilib. Şöbə müdiri qeyd edib ki, DQİDK sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb və həmin plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilməklə yanaşı, dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.
Ə.Zülfüqarovun sözlərinə görə, “Tasua” və “Aşura” günlərində məscidlərdə xüsusi monitorinqlər təşkil olunub, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar. DQİDK-nın əməkdaşlarının respublikanın şəhər və rayonlarında apardıqları monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, bəzi neqativ hallar istisna olmaqla, ciddi pozuntuya yol verilməyib.
Daha sonra Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva hesabat məruzəsi ilə çıxış edib. S.Allahverdiyeva məruzəsində qeyd edib ki, 9 ay ərzində 34 dini qurum (24 İslam təmayüllü dini icma, 10 kollec) dövlət qeydiyyatına alınıb. 2009-cu ildən 2017-ci ilin sentyabr ayına qədər cəmi 783 dini qurum dövlət qeydiyyatına alınıb ki, onların 755-i İslam təmayüllü, 28-i isə qeyri-İslam təmayüllüdür.
S.Allahverdiyeva onu da qeyd edib ki, rəhbərlik etdiyi şöbə tərəfindən Dövlət Komitəsinin rəsmi internet saytında dini qurumlar və qanunvericilik haqqında məlumatlara nəzarət edilir və hər bir əlavə və dəyişikliyin saytda yerləşdirilməsi üçün müvafiq məlumat verilir.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən bölgədə keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verən natiq dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.