Azərbaycan WBC-yə üzv qəbul edilib

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv olub. 

Bu barədə qurumun prezidenti Maurisio Süleyman Bakıda keçirilən mətbuat konfransında bildirib. M.Süleyman deyib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insadır. İdman haqda dolğun məlumata malikdir. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyasına yönəlmişdi. Prezident gənclər və idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq. Sizə “Xoş gəlmisiniz” deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Federasiya yaradılmaqdadır. Gənclər və İdman Nazirliyi peşəkar boksu inkişaf etdirmək üçün öz köməyini göstərəcək”.

M.Süleyman WBC-nin 55-ci Konvensiyasının Bakıda keçirilməsinə də aydınlıq gətirib: “Vitali Kliçkonun vasitəçiliyi ilə Azərbaycan prezidentinə, eləcə də gənclər və idman nazirinə müraciət etmişdik. Azərbaycan 25 illik idman ölkəsidir, xüsusi nailiyyətləri var. Təklif etdik ki, WBC-nin Konvensiyası Bakıda olsun. Bəziləri “Azərbaycan hardadır”, – deyə soruşdular. Hətta xəritəyə baxmalı oldular. İlk gəlişimizdə böyük qonaqpərvərliklə qarşılandıq. Azərbaycana təşəkkür edirəm. Gözləmədiyimiz qonaqpərvərlik gördük”.

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilir. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları təşrif buyurub./”Report”/