Sosial şəbəkələrdə milli maraqları necə qorumalı? – FOTOLAR

Gəncə şəhərində “Vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyininreallaşdırdığı “Azərbaycan həqiqətləri uğrunda səfərbər edilmiş media təşəbbüsləri” layihəsi çərçivəsində həyata keçirilib.

Publika.az xəbər verir ki, görüşdə əsasən Gəncənin sosial aktiv gəncləri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin fəal üzvləri, Gəncə Dövlət Universiteti və yerli kolleclərin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İnternyus-Azərbaycan”nin təmsilçisi, jurnalistika üzrə ekspert İsmayıl Vəliyev hərbi jurnalistika meyarları, bu sahədə milli mətbuatımızda formalaşan etik və peşəkarlıq normativlərdən danışıb. O, sosial media fəallarına səslənərək milli maraq və ənənələrin bu yeni mediaimkanları ilə düzgün uzlaşdırılması probleminə diqqət yetirib.

“Gələcəyə Körpü”-nün icraçı direktoru Hüseyinxan Hacızadə isə, “İnternyus – Azərbaycan” İB-nin kütləvi informasiya sahəsində yüksək təcrübəli peşəkar mütəxəssislərdən ibarət komandaya malik olduğunu xatırladaraq, tədbirin mövzusunun aktuallığından söz açıb.

Mövzunu jurnalist və bloqçu Ramid İbrahimov davam etdirib. O, ölkəmizin müharibə vəziyyətində olmasını və bu reallıqda sosial şəbəkə istifadəçilərinin üzərinə düşən məsuliyyəti xatırlatıb. Məruzə zamanı o, texniki vəsaitlərdən istifadə edərək, mövzuya dair qanun müddəalarının izahat və şərhlərini verib.

Tədbirdə həmçinin, layihə çərçivəsində yaradılan “Əsgər Bloqçular” (https://esgerbloqcular.com.az/) bloq səhifəsi də gənclərə təqdim olunub.

Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə əlavə izahatlar verilib.

Könül