Respublikanın xalq artisti , Dövlət mükafatı laureatı, istiqlal ordenli professor Tofiq Quliyev milli musiqi mədəniyyəti tarixinə estrada musiqisinin banisi kimi daxil olmuşdur. Tofiq Quliyevin mahnıları kino musiqisi, operettaları, estrada pyesleri musiqi xəzinəmizin inciləri hesab edilir.
Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakıda anadan olmuşdur. Onun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir.İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində almışdır. Sonra o, konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və üçüncü kursdan Üzeyir Hacıbəylinin məsləhəti ilə Moskova Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. Tofiq Quliyev Moskovada iki ixtisas –bəstəkarlıq və dirijorluq sənəti üzrə təhsil almışdır.Təhsil illərində bir müddət Ümumittifaq radiosunda estrada-caz orkestrində pianoçu kimi çalmışdır.Bu təcrübə onun estrada musiqi sahəsində yaradıcılığına mühüm təsir göstərmişdir. Azərbaycanda estrada musiqi janrlarının ilk nümunələrinin yaranması və bu janrların inkişafı məhz Tofiq Quliyevin adı ilə bağlıdır. O, 1939-cu ildə Nyazi ilə birlikdə Azərbaycan Dövlət estrada orkestrini təşkil etmiş və kollektivin ilk bədii rəhbəri olmuşdur.Bəstəkar 30-cu illərdə kütləvi mahnıların, habelə estrada mahnıların çiçəklənmə dövründə yaradıcılığa başlamışdır.
Tofiq Quliyevin yaradıcılığının əsasını mahnı janrı təşkil edir. “Azərbaycan”, “Bakı haqqında mahnı”, “Zibeydə”, “Sənədə qalmaz”, “Üzüyümün qaşı”, “Lirik mahnı”, “Axşam mahnısı”və başqa onlarla mahnısı xalqımızın dilində əzbər olmuşdur.Hazırda da müxtəlif nəsil müğənnilərimizin repertuarını bəzəyir. Bəstəkar milli kino musiqisinin ilk yaradıcısılarındandır. O, 30-a yaxın filmə musiqi yazmışdır. Onun “Səbuhi”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Ögəy ana”, “ Möcüzələr adası”, “Qayınana” və s. Kinofilmlərə bəstələdiyi mahnılar bəstəkar böyük populyarlıq gətirmişdir.
Bəstəkarın kamera instrumental əsərləri – o cümlədən f-no preludləri, f-no skripka üçün sonatası, f-no variasiyaları, Qaytağı pyesi , romanslar ifaçılarımızın repertuarında özünə layiq yer tutur. Onun nəvəsinə həsr etdiyi f-no üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən hal-hazırda uşaq musiqi məktəblərinin repertuarında geniş istifadə edilir.
Azərbaycan musiqi folkloru nümunələrinin toplanıb nota yazılması sahəsində fəaliyyəti də diqqətəlayiqdir. O, Rast, Seygah-Zabul muğamlarını nota salmış və 1935-ci ildə Bakıda bu inciləri nəşr etdirilmişdir. Tofiq Quliyev fəal ictimai musiqi xadimi idi. O, müxtəlif illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, direktoru olmuş, 30-cu ildən artıq bir dövrdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1-ci katibi, 1990-cı ildən ömrünün sonunadək Bəstəkarlar İttifaqınıın sədri kimi musiqi mədəniyyətimizin inkişafı naminə çalışmışdır.
Astarainfo.az xəbə verir ki, Astara Musiqi Məktəbində möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov çıxış edərək bildirmişdir ki, Tofiq Quliyev həqiqətən əvəzolunmaz sənətkardır. Ulu Öndərimiz Heydər Əliyev Tofiq Quliyevə çox yüksək qiymət vermiş, onu musiqimizin canlı klassiki adlandırmışdır. Əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, mən deyərdim onların içərisində Tofiq Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir.
Tədbirdə rayon icra hakimiyyəti aparatının ictimayi-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Mirzə Bayramov, “Astara”qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov və başqaları çıxış edərək bildirmişlər ki, Tofiq Quliyevin mahnıları, kino və teatr musiqisi, kamera-instrumental əsərləri müxtəlif nəsillərdən olan ifaçıların repertuarında, radio dalğalarında, mavi ekranda yaşayır, xalqımıza bədii-estetik zövq aşılayır. Azərbaycan xalqı Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək və oxuyacaqlar.
Daha sonra Musiqi Məktəbinin auditorium zalında təntənəli mərasim başlayıb. Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.
Astarainfo.az