“Gözün buynuz qişasının transplantasiyası əməliyyatları Azərbaycanda yaxın vaxtlarda icra olunmağa başlayacaq”.
Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Fərəh Abduləliyeva deyib.
Bu ayın əvvəlində ölkə başçısının imzaladığı fərmanla gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə buynuz qişa transplantasiyası əməliyyatının aparılmasına icazə verən qanunun qüvvəyə mindiyini xatırladan mütəxəssisin sözlərinə görə, hazırda təkcə Milli Oftalmologiya Mərkəzində 3000-dən çox xəstə bu əməliyyatın aparılmasını gözləyir: “Bu, böyük rəqəmdir. Beş ildir ki, ölkəmizdə bu əməliyyatlar aparılmırdı. Elə insanlar var ki, onlarda təcili olaraq əməliyyat aparılmasına ehtiyac olduğu Rusiya, Gürcüstan, İran, Türkiyəyə müraciət ediblər. İnanıram ki, çox yaxın zamanlarda biz bu əməliyyatı ölkəmizdə icra edəcəyik. İnsanların xaricə üz tutmalarına ehtiyac qalmayacaq”.
F. Abduləliyeva deyib ki, indiki mərhələdə buynuz qişası transplantasiyası əməliyyatları Milli Oftalmologiya Mərkəzində və Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra olunacaq. Onun sözlərinə görə, Azərbaycanda bu əməliyyatları aparmaq üçün ixtisaslaşmış beş mütəxəssis var. Onlar müxtəlif ölkələrdə kurslar keçiblər və həmin ölkələrdəki göz qişası bankları ilə əlaqələri var.
F.Abdullayevanın sözlərinə görə, insanın bioloji ölümündən sonra 24 saat ərzində gözün buynuz qişası götürülə və 7 gün ərzində başqa insana köçürülə bilər. Həkim onu da deyib ki, bu əməliyyatlar ümumi anesteziya altında aparılır və təxminən 40 dəqiqə davam edir.
Mütəxəssis, buynuz qişasının transplantasiyasına səbəb olan xəstəlikləri də açıqlayıb.
Oftalmoloq bu baxımdan ən çox rast gəlinən xəstəliklərdən birinin buynuz qişasının xoraları olduğunu deyib. F.Abdullayeva qeyd edib ki, Azərbaycanda ən çox yayılmış keratokonus xəstəliyi də buynuz qişasının əyriliyinə, bulanmasına, nazilməsinə gətirib çıxarır, bu isə buynuz qişası köçürülməsi zərurəti yaradır.
Həkim vurğulayıb ki, düzgün müalicənin aparılmaması buynuz qişasının deşilməsinə, sonda gözün itirilməsində səbəb olur.
F.Abduləliyeva buynuz qişası transplantasiyası üçün bir çox hallarda hər hansı yaş məhdudiyyəti olmadığını deyib. Bu əməliyyatın uşaqlarda da aparıldığını açıqlayan cərrah qeyd edib ki, mümkün olduğu hallarda 18 yaşa qədər gözləmək, əməliyyatı bu yaşdan sonra aparmaq lazımdır, amma təcili durumlarda yaş məhdudiyyəti yoxdur.
Buynuz qişada problem yaradan səbəblərdən birinin də kontakt linzalarından düzgün istifadə olunmaması, gigiyena qaydalarına əməl olunmaması olduğunu deyən mütəxəssis deyib ki, ilk növbədə gigiyenaya əməl etmək vacibdir: “Kontakt linzalar vaxtında təmizlənmirsə, gözdə xoralar əmələ gətirə bilər”.
Oftalmoloq vurğulayıb ki, kontakt linzanın taxılması, istifadə qaydaları mütəxəssislər tərəfindən məsləhət görülməlidir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...