Dekabrın 3-də Bakıda Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə müasir rəqslər üzrə “Azərbaycan Rəqs və Çerlidinq açıq Kuboku-2017” keçiriləcək.

 AZƏRTAC Təşkilat Komitəsinə istinadla xəbər verir ki, yarışların keçirilməsində əsas məqsəd müxtəlif müasir və ictimai rəqs növlərində fəaliyyət göstərən istedadlı kollektivlərin müəyyənləşdirilməsi, Azərbaycanı dünya və Avropa çempionatlarında təmsil etmək üçün rəqqasları və kollektivləri seçməkdir. Həmçinin ölkəmizdə və xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsinin aparılması, sağlam həyat tərzinin təşviqi, uşaqlar, yeniyetmələr və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunması istiqamətində fəaliyyəti genişləndirmək də nəzərdə tutulur.

Tədbir Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert salonunda keçiriləcək.