Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəkidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Bəziləri idmana, pəhrizlərə üz tutur. Bəziləri arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara girir. Bir çox insanlar isə satışda olan arıqlama çaylarından, həblərindən istifadə edir. Onlar bildirirlər ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər. Bəs görəsən adıçəkilən həmin vasitələrlə arıqlamaq sağlamlığa zərər verə bilərmi?
Day.Az bildirir ki, məsələ ilə bağlı ailem.az-a açıqlama verən dietoloq Leyla Zülfüqarlı deyir ki, arıqlama çayları, kokteyllər və bu kimi içkilərin istifadəsi tamamilə səhvdir: “Onların arıqlatması sadəcə iştah kəsmələri ilə bağlıdır. Həmin məhsulları təqdim edən şirkət nümayəndələri də vurğulayır ki, bu çayların yalnız bir xüsusiyyəti var, iştahı kəsmək. Bu isə orqanizmə çox ziyandır. Çünki insanın normal şəkildə iştahı olmalıdır, qidalanmalıdır. Xüsusilə də faydalı qidalar qəbul etməlidir ki, orqanizm də faydalı maddələr alsın. Bu vasitələrdən istifadə edəndə isə iştah kəsilir, insan yemir və yemədən arıqlayır. Bu isə çox ciddi problemdir. Çünki insan yeməsə, bədən lazımi maddələr almayacaq və ümumiyyətlə sağlamlığı, xəstəliklər qarşısında müqaviməti olmayacaq və sair. Həmin çayların içilməsindəki birinci böyük səhv budur”.