Həkim-psixoterapevt hesab edir ki, səbəb ananın ətraf mühitdən qəbul etdiyi neqativ enerjilərdir.
Son dövrlər gənc ailələrdə doğulan ilk uşaq əsəbi, bəzi hallarda fiziki və əqli qüsurla doğulur. Cəmiyyətdə geniş yayılan və ailələri narahat edən bu halları, onları yaradan səbəbləri araşdırmaq qərarına gəldik.
Astarainfo.az Day.Az-a istinadən bildirir ki, həkim-psixoterapevt Paşa Yaqub ailələrdə doğulan ilk uşaqların nə üçün əsəbi və qüsurlu olması ilə bağlı “Şərq“ə açıqlama verib. Həkimin sözlərinə görə, qüsurlu və əsəbi uşaqların doğulmasına səbəb ananın ətraf mühitdən qəbul etdiyi neqativ enerjilərdir. Maraqlıdır ki, bu enerjinin bəzi hallarda hələ qızlıq dövründən başlayaraq təsir etdiyi də üzə çıxır. Bəzən isə analar hamiləlik dövründə neqativ təsirə məruz qalırlar:
“Əgər ilk hamiləlik müəyyən səbəblərdən pozulursa (döl yarımçıq düşürsə), ikinci hamiləlik normal keçə və sağlam uşaq doğula bilir. Araşdırmalarımız göstərir ki, neqativ təsirə məruz qalmış qızlarda (yaxud analarda) baş, boyun, çiyin, bel ağrıları, başda keyləşmə, əsəb, ürək döyüntüləri, diksinmə, qorxu kimi hallar ola bilir. Həmçinin belə qadınlar qorxulu yuxular görür və gündüzlər bu yuxuların təsirindən çıxa bilmir. Boğulmalar, yuxuda vəhşi heyvanların onu təqib etməsi, gecələr tez-tez sidiyə çıxma, menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi, qərarsızlıq, həzm sistemi pozğunluqları, həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. kimi hallar da müşahidə olunur.
Sadaladığım bu əlamətləri olan qızlar hamilə qalarkən onlarda belə hallar daha da artır və çox əziyyət çəkirlər. Nəticədə ya hamiləlik pozulur, ya da doğulan uşaq əsəbi (bəzi hallarda qüsurlu) olur”.
Bəs neqativ enerji insana hansı yollarla daxil olur?
– Bu enerji insana qorxu, stress, bəzi gözlərdən gələn Selen maddəsinin şüaları, eləcə də magik təsirlər vasitəsi ilə daxil olur. Orqanizmə düşən bu neqativ (qara) enerji kompyuterlərimizə düşən virusa bənzəyir ki, daxil olduğu bədəndə sabitliyi pozur, əsəb, ürək darıxması, eləcə də yuxarıda sadaladığım əlamətlərin yaranmasına səbəb olur.
 Diqqətinizi bir məqama da cəlb edək ki, neqativ enerji qızların (bəzən oğlanların) qəlbindən inam və məhəbbət hissini sildiyindən, onlar bir çox hallarda ailə qurmaq istəmirlər. Onlarda cinsi istək (həvəs) olmur. Belə gənclər bəzi hallarda ailə qursalar da, bunu məhəbbətlə deyil, kiminsə xatirinə (ailənin təzyiqi) reallaşdırırlar. Nəticədə belə qızlarda ilk hamiləlik çox ağrılı, qorxu, həyəcanla keçir. Ən pisi də odur ki, hamiləlik dövründə bu əlamətlər hamısı bətndəki uşağa təsir göstərir. Beləliklə ailənin ilk övladı əsəbi, qüsurlu doğulur. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər doğulan uşaqların böyük əksəriyyəti əsəbidir”.
Psixoterapevt bildirir ki, bir çox hallarda insanlar neqativ enerjini bilməyərəkdən özlərinə yükləyirlər: “Günümüzdə bir çox insanlar çətinə düşəndə falçı və ekstrasenslərə, cadugərlərə müraciət edirlər. Çıxış yolu üçün onların “məsləhət”lərindən “faydalanırlar”. İnsanlar dərk etmirlər ki, bu kateqoriyadan olan “maq”lar özləri əsəbi, sevgisiz və rəhmsizdirlər. Bu da onların neqativ enerjiyə yüklənmələri ilə əlaqədardır. Onlar yanlarına gələn pasiyentlərə də həmin neqativi yükləyirlər. Falçı və cadugərlərin verdikləri əşyalar evə daim qara enerji ötürərək, auranı pozur. Nəticədə orada yaşayanlarda əsəbilik, qorxu, həyəcan və s. əlamətlər, xəstəliklər müşahidə edilir. Qızlarda (qadınlarda) həssaslıq kişilərdən çox olduğundan, neqativ təsirə daha çox məruz qalırlar və ailəyə daxil olmuş enerjini ilk növbədə onlar qəbul edirlər. Vaxtında tədbir görülmədikdə isə gələcəkdə belə qızların dünyaya əsəbi uşaq gətirməsi halları baş verir.
Odur ki, bu kimi halların baş verməməsi üçün, insanlar falçı və cadugərlərdən, fırıldaqçı molla və “seyid”lərdən uzaq durmalıdırlar. Onların istifadə etdikləri (kart, kofe, şam və s.) əşyalar magik təsirə malikdir və şeytanla əlaqə qurmaq üçün vasitələrdir. Təəssüflər olsun ki, bir çox analar qızlarını ərə verərkən, yaxud, oğul evləndirərkən, həmin neqativ enerji mənbələrinə üz tuturlar. Beləliklə, özləri bilməyərəkdən övladlarını (gələcək anaları) neqativ enerjiyə yükləyirlər. Bu yüklənmə qəsdən, düşmənçilik məqsədi ilə də edilə bilir”.
P.Yaqubun sözlərinə görə, tibb və psixologiya elmləri neqativ enerjinin yaratdığı fəsadları aradan qaldırmaqda aciz qalsa da, “lədun” adlanan elm və müalicə üsulu ilə cəmi üç seansa bu enerjidən xilas olmaq mümkündür:
“Sadaladığım əlamətlər uşaq doğulmazdan əvvəl (qızlıq və ya hamiləlik dövründə) aradan qaldırılarsa, tam normal övlad dünyaya gətirmək mümkündür. Əgər gecikdirilibsə və əsəbi, qüsurlu uşaq doğulubsa, yenə də üç seans etməklə, bu əsəbiliyi (neqativ enerjini) həm uşaqdan, həm də anadan götürmək mümkündür. Bundan sonra həmin anadan sağlam uşaqlar doğulur. Belə analar uşaq doğulduqdan sonra özlərini çox yüngül və qorxusuz, həyəcansız hiss edirlər. Yuxarıda sadaladığım əlamətlər və ağrılar bir daha onlarda baş vermir. Çünki onlar bu əlamətləri yaradan səbəbi (enerjini) uşaqla bərabər özlərindən xaric edirlər. Bu enerji xaric olunmadıqda isə anadangəlmə neqativli (əsəbi, qüsurlu) bir övlada sahib olurlar. Bundan sonra həmin neqativ enerji analara birbaşa deyil, dolayısı ilə (uşaq vasitəsi ilə) təsir etməyə başlayır. Əsəbi uşaq anaya rahatlıq vermir, gecə rahat yatmağa, gündüz normal işləməyinə mane olur.
Belə hallarda uşaqlara (və yaxud qadınlara) təyin edilən sakitləşdirici dərmanların tərkibində psixotrop, narkotik maddələr olduğundan, bir çox hallarda onların beynində keyləşməyə və əqli inkişafdan qalmaya səbəb ola bilir. Təcrübəmiz göstərir ki, bütün bu fəsadlardan xilas olmaq üçün “elmi-lədun” metodu ilə cəmi üç seans etmək kifayət edir. Kimyəvi dərman vasitəsindən istifadə edilmədiyindən, hamilə qadınlar üçün seansların heç bir ziyanı yoxdur”.