11 dekabr – Beynəlxalq Dağlar Günüdür.
AZƏRTAC “fao.org” saytına istinadla xəbər verir ki, BMT-nin qərarına əsasən 2002-ci il dünyada “Beynəlxalq Dağlar İli” adlandırılıb. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılıb.
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada dekabrın 11-i Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin cəmiyyət qarşısında qlobal miqyaslı əhəmiyyətinin bir daha önə çıxarılmasıdır.
Dağlar Yer kürəsinin 27 faizini təşkil edir. İqtisadi artımda böyük rola malikdirlər. Dünyada 720 milyon nəfərin rifahını təmin edən dağlar təmiz su, enerji, qida mənbəyidir. Lakin iqlim dəyişkənliyi, meşəsizləşdirmə, təbii fəlakətlərdən dağlar da sığortalanmayıblar.
Beynəlxalq Dağlar Günü hər il bir başlıq altında qeyd olunur. Cari ildəki mövzu isə “Dağlar təzyiq altında: iqlim, aclıq və miqrasiya” adlanır.