Dekabrın 12-də xalqımızın ümummilli lideri, çox əsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
  Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi idarəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.  İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək amma Ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.
Heydər Əliyevin hakimiyyətdə olduğu  otuz illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu Öndərin Azərbaycana rəhbərliyinin otuz ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını  görür və heyrətlənməyə bilmirsən. Ulu Öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.
 Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı.  Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.
 Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanların tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyinizi və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
 Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Fəridə Söhrabqızı
Astarainfo.az