Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 15 dekabr 2017-cı il tarixində Almaniyanın Humboldt Universitetində gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün təqdimat və kitab sərgisi təşkil etmişdir.
Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmiş, universitetlərdə Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilmişdir.
Tədbirə təşkilati dəstəyi Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası, Alman-Azərbaycan Mədəniyyət Evi, EuroKaukaAsia Mədəniyyət və Elm Assosiyası, Almaniyada Azərbaycanlı Tələbələr və Alimlər Birliyi göstərmişdir.
Tədbirdə Humboldt Universiteti “Azərbaycan tarixi” kafedrasının əməkdaşı doktor Rasim Mirzəyev açılış nitqi ilə çıxış etmişdir. Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışmış və bildirmişdir ki, artiq uzun illərdir ki Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd etmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli tarixi, memarlıq və arxeoloji abidələr, sənət nümunələri abidələri erməni təcavüzünə məruz qalmışdır. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilmişdir.
Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunmuşdur.
AMEA-nın Tarix və Arxeologiya və Etnoqrafiya İnstitutlarının məhsulları olan Qarabağın tarixindən bəhs edən ingilis dilində hazırlanmış elmi kitablardan ibarət kitab sərgisi təşkil olunmuşdur. Tədbir iştirakçılarının marağına və kitablar iştirakçılara paylanmışdır. az.strategiya.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...