Tbilisidə GUAM (Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat) Parlament Assambleyasının 10-cu sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda onuncu sessiyanın gündəliyi təsdiqlənəcək, regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün səylərin artırılması məsələləri müzakirə ediləcək, onuncu sessiyanın yekun sənədləri qəbul olunacaq. İclasda rotasiya qaydasında GUAM PA-da sədrlik Gürcüstandan Moldovaya keçəcək.
İki gün davam edəcək sessiyada Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edirlər.