????????????????????????????????????
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində Astara rayon Şahağacı kənd 2 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Həsənov, Şahağacı kənd 2 saylı tam orta məktəbinin direktoru Sakit Mürsəlov, müəllim və şagird heyəti, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə yaşayan ayrı-ayrı dinlər və məzhəblər arasında həmrəylik, səmimi dialoq və qarşılıqlı hörmətin mövcudluğundan danışıb. Q.Məmmədov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin  təbliğ olunmasıdır.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev çıxışında İslamda şəhidlik və cihadın mahiyyəti haqqında danışaraq, ölkə hüdudlarından kənarda, radikal dini ekstremist qruplaşmaların tərkibində vuruşaraq ölənlərin şəhid hesab edilmədiyini və onların cinayətkar əməllərinin cihadla, şəhidliklə heç bir əlaqəsi olmadığını vurğulayıb.  M.Qəniyev,  həmçinin qeyd edib ki, bizim üçün cihad yeri Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarıdır.
Astara rayon Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və digərləri çıxışlarında tarixboyu ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin həmrəylik, sülh və dostluq şəraitində yaşadığını diqqətə çatdırıblar.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
Turan Həsənzadə
 Astarainfo.az