Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində iki partlamamış hərbi sursat (bir ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) və bir ədəd 120 millimetrlik minaatan mərmisi (U-OF-43) aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar aşkar edilmiş mərmilər dekabrın 21-də zərərsizləşdirilməsi üçün götürülüb və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış mərmilərin ətrafında 1200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 21-dək 7541 partlamamış hərbi sursat, tank əleyhinə 204 və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 919 min 167 kvadratmetr ərazi yoxlanılıb.Xezerxeber.az/ Astarainfo.az