Yeni – 2018-ci ilin gəlişinə günlər qalıb. Ölkə ərazisində, həmçinin paytaxt Bakıda artıq dekabrın əvvələrindən bayram hazırlıqlarına başlanılıb. “Report” Bakı şəhərinin bayram ab-havasını əks etdirən reportajını təqdim edir.
İşıqlı zaman tuneli
Qız Qalası ətrafında işıqlarla bəzədilmiş keçid, bayram simvolu olan şam ağacı və marallar quraşdırılıb. Gündüz bir o qədər də gözə çarpmayan bu keçid gecə gözoxşayan mənzərəyə səbəb olur. Bulvarla İçərişəhəri birləşdirən keçid sanki bir növ zaman tunelini xatırladır. İnsanlar şəhərin dəbdəbəsindən, müasirliyindən işıqlı tunellə tarixi İçərişəhərə buradan keçid edirlər. Şam ağacı isə dizaynı ilə digərlərindən olduqca fərqlənir. Normal şam ağaclarında oyuncaqlar uzərinə yığıldığı halda, burada olduqca böyük olan oyuncaqlar şam ağacının içərisinə yerləşdirilib.
Nağıllar aləmi
İnsanlar bir zamanlar bayram gəzintisi üçün seçdikləri Dənizkarı Milli Parkı artıq Fəvvarələr meydanı ilə əvəzləyiblər. Belə ki, burada keçirilən “Soyuq əllər, isti ürəklər” yarmarkası insanları Fəvvarələr meydanına cəlb edən nüanslardan biridir. Böyük şam ağacı, sarı işıqlar, böyük çilçıraqlarla bəzədilmiş binalar, hər axşam təşkil olunan konsertlər və bayrama uyğun bəzədilən restoranlar, kafelər sakinlər və turistlərə Fəvvarələr meydanını maraqlı edən səbəblər arasındadır.
İldən-ilə azalan Şaxta babalar
Dənizkənarı Milli Parkda xüsusi dizayn edilmiş şam ağacları və işıqlar quraşdırılıb. Ancaq bir zamanlar dekabr ayının əvvəllərindən hər addımbaşı şəkil çəkdirmək üçün şam ağacı, Şaxta Baba və Qar Qız görməyə adət etdiyimiz bulvarda bu dəfə bircə Şaxta Baba da gözümüzə dəymədi.
Müxbir: Ruhanə Mirzəyeva