Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib.
Faiq Tağızadə bildirib ki, bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var. Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazi ilə tanış olmaq üçün bölgədə səfərdədir.
Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.