Astara şəhər 1 nömrəli tam orta məktəbdə xalqımızın qan yaddaşına əbədi həkk olan 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Dövlət himni ifa olunub. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Xədicə xanım Əliyeva bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus imperiyasının törətdiyi qanlı faciədən 28 il keçir. M.Qorbaçov başda olmaqla Sovet İttifaqının o vaxtkı rəhbərləri Azərbaycan xalqına xəbərdarlıq etmədən Bakıya qoşun yeritdilər, böyük faciə baş verdi. Həmin gecə günahsız, əliyalın insanlar küçədə, yaşadığı evlərində gülləbaran edildilər. Bu hadisənin səhəri günü ilk etiraz səsini qaldıran məhz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderin Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisəsinə siyasi qiymət verildi və əsl həqiqət dünyaya bəyan edildi.
Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi ilə yanaşı bir sıra qonaqlar da iştirak etmişdir. Qonaqlardan 2016 – cı il aprel döyüşlərinin iştirakçısı qazi Orxan Əliyev, keçmiş polis işçisi, polkovnik Rafiq Əliyev,  keçmiş polis işçisi , veteran Amil Səfərov,məktəbin təqaüdçü əməkdar müəllimi Heybət Hüseynov, Əməkdar müəllim Seyran Babayev, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, tibb işçiləri- Mənsur Cəfərov və Şair Teymurov,  məktəbin valideyn komitəsinin sədri iştirak edərək   şagirdlərə geniş məlumatlat vermiş və onların suallarını cavablandırmışlar.
Tədbirdə çıxış edən şagirdlər bildirdilər ki, vətənimizin igid övladları Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar heç vaxt ölmürlər, onlar həmişə ürəklərdə yaşayırlar.
Tədbir şagirdlərin ifasında şəhidlərə həsr olunan şeirlərlə, mahnılarla, göstərilən səhnəciklərlə başa çatdı.