Artıq tarixə çevrilmiş 2017-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş uğurlar barədə fərəhlə söhbət açmaq olar. Bu yazıda son dövrdə kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən işlər  haqqında məlumat vermək istəyirik.
“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 sentyabr 2017-ci il tarixli Sərəncamında haqlı olaraq göstərilir ki,  qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülmüş və uğurlu nəticələr əldə olunmuşdur. Bu uğurlu nəticələri  Astara rayonunun timsalında daha aydın görmək olar.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov yeni ildə rayonda kənd təsərrüfatının inkişafı ilə əlaqədar görüləcək işlər barədə ətraflı məlumat verərək qeyd etmişdir ki,  son illərdə rayonumuzda sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı daha geniş vüsət almışdır. Rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə yeni-yeni sitrus və çay sahələri salınır, çəltik əkinləri genişləndirilir. Hazırda rayonumuzda 3200 hektar sitrus bağı vardır ki, onun da 900 hektarı son illərdə salınıb. Keçən il bağlarda 44 min ton sitrus meyvələri tədarük olunub. Hazırda rayonda mövcud sitrus bağlarının tədricən yeni növ daha məhsuldar tinglərlə əvəzlənməsi işlərinə başlanılmışdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin bölgəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına hədsiz  diqqət və qayğısı onun bu ilin sentyabrın əvvəllərində bölgəmizə səfəri zamanı özünü parlaq şəkildə göstərdi. Ölkə başçısının sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışlarında  möhtərəm Prezident İlham Əliyev cənub bölgəsində ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı qiymətli tövsiyə və tapşırıqlarını vermişdir. Bölgəmizdə əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müstəsna rol oynayan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafını təmin etmək məqsədilə möhtərəm Prezidentimizin imzaladığı müvafiq Sərəncam  göstərilən qayğı və diqqətin parlaq sübutudur.
Rayonumuzun kənd təsərrüfatında sitrusçuluq xüsusi çəkiyə malikdir. Xüsusən son illər bu sahədə xeyli irəliləyiş əldə olunub. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu sahəyə diqqəti və qayğısı öz nəticəsini verir. Təkcə son bir ildə 300 hektardan çox yeni sitrus sahəsi salınmışdır. Hazırda rayonumuzda ümumi sitrus sahəsi 3200 hektara çatır. Onlardan 453 hektarını naringi, 109 hektarını portağal, 115 hektarını feyxoa, 38 hektarını limon, 48 hektarını kinkan, 15 hektarını kivi və digər sitrus və subtropik bitkiləri təşkil edir. Rayon rəhbərliyinin təşəbbüsü ilə keçən il xarici ölkələrdən soyuğa davamlı və daha məhsuldar olan sitrus meyvə ağaclarının gətirilməsi və əkininin optimal aqrotexniki müddətdə təşkil edilməsi öz müsbət nəticələrini verməkdədir. Artıq bir neçə təsərrüfatda yeni əkilmiş həmin məhsuldar meyvə ağacları ilk məhsulunu vermişdir. Yeni ildə elmin son nailiyyətlərindən istifadə etməklə daha məhsuldar meyvə ağaclarının əkilməsi diqqət mərkəzində olacaqdır.
Rayonumuzda 345 hektar çay sahəsi vardır. Perspektivli sahə olan çayçılığın yeni ildə daha da inkişaf etdirilməsi məqsədilə  konkret və əməli tədbirlər həyata keçirilir. “Astaraçay” MMC-nin çayçılığın inkişafı ilə əlaqədar gördüyü işlər bu mənada diqqəti daha çox cəlb edir.
Hazırda rayonda yeni ilin bol məhsulu üçün torpaqların hazırlanması, qış şumunun yüksək keyfiyyətlə başa çatdırılması, digər aqrotexniki tədbirlərin görülməsi istiqamətində genişmiqyaslı işlər aparılır. 301 hektarda yonca, 107,5 hektarda buğda, 64 hektarda arpa, 32 hektarda kələm və digər əkinlər keçirilmişdir. Soğan və sarımsaq əkini davam etdirilir. Kənd təsərrüfatı əkinləri  Astara şəhəri, Kakalos, Pensər, Şiyəkəran,  Şahağacı, Asxanəkəran, Pəlikəş, Təngərüd, Siyəkü və digər yaşayış məntəqələrində aparılmışdır.
Azər Abdullayev
Astarainfo.az