Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq fevralın 12-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi  Əlövsət Əliyev  Astarainfo.az-a bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur.
Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Fevralın 15-də rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Ərçivan kənd sahə xəstəxanasında olmuş, kənd sakinləri ilə görüşmüş, onlara tibbi məsləhətlər vermiş, müayinə və  müalicə etmişlər.
Həkimlərdən Sahib Sürətov, Qəribxan Əliyev, Fuad Səmədov, Nəzrin Mirzəyev,Ülviyə Nemətov, Rüfət Səmədov, Rafail Əliyev, Məleykə Baxşıyeva  206-dan çox xəstəni müayinə və müalicə etmişlər. Kəndin sakinləri həkimlərin gəlişindən razı qalmış, onlara minnətdarlığını bildirmişlər.
Həkim briqadasına rəhbərlik etmiş  Qəribxan Əliyev  kəndlərdən rayon mərkəzinə gələ bilməyən və müalicəyə ehtiyacı olan xəstələrlə bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən qəsəbə sakinləri söhbətlərində vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirib, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Nicat Raufoğlu
Astarainfo.az