Yanımızda, yaxınımızda olan insanlara dəyər verməklə, yaxşı əməllərini işıqlandırmaqla həm də insaniyyətə dəyər vermiş oluruq. Belə insanlardan biri -cənub bölgəsinin ən gənc alimi, tədqiqatçısı Elvin Əliyevdən söz açmq istəyirəm. İşi, əməlləri, insanlara, həyata sevgisi ilə oçerk qəhrəmanı olmağa tam layiq biri kimi.
Tibb sahəsi ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar yaxşı bilir ki, son əsrlərin ən dəhşətli xəstəliyi olan xərçəngin ən cox yayıldığı bölgə cənubdur. E.Əliyev də məhz bu xəstəliyin müalicə metodlarını tapmağı qarşısına məqsəd qoyub, müəyyən uğurlara nail də olub. Gənc tədqiqatçı alim Elvinin qısa, lakin zəngin həyat tarixçəsi ilə siz də tanış olun.
Elvin Ərkan oğlu Əliyev 1 yanvar 1989 – cu il tarixində Astara rayonun Vaqo kəndində həkim ailəsində anadan olub. 2006 – cı ildə Astara rayonu Z.Əhmədzadə adına 2 saylı Pensər kənd tam orta məktəbini bitirdikdən sonra Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetinə daxil olub və 2010-cu ildə Univesitetin Biologiya bölümünü fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Türkiyə Respublikası Atatürk Üniversitetinın tibb fakultəsinə daxil olaraq 2012-ci ildə Tibbi biokimya ixtisası üzrə “Tiroid xəstəliyi” mövzusunda magistratura işini müdafiə edib.
2012 – ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktoranturasına daxil olmuş və 2015-ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmişdir. O, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetika İnistitutunda İnsan genetikası bölməsinin rəhbəri olub. Hal-hazırda Lənkəran Dövlət Üniversitetinin Elm şöbəsinin müdiri, elmi katibi, kimya və biologiya kafedrasının dosentidir. Bunları niyə xatırladım-ucqar dağ kəndində doğulmuş gəncin həyat amalına çatmaq üçün qısa zaman kəsiyində hansı uğurlara nail olduğunu çatdırmaq üçün.
Bu qısa tanıtımın arxasında arzu və məqsədlərinin çin olması uğrunda yorulmadan mübarizə aparan bir gəncin yuxusuz gecələri dayanır. Atası və qardaşı həkim olduğundan Elvin də bu sənəti özünə peşə seçib-amma məqsədi tədqiqatçı kimi insanların sağlamlığı keşiyində dayanmaq olub.
Bölgədə fəaliyyət göstərsə də milyonların qəniminə çevrilən xərçəngin müalicəsini tapmaq istəyinə nail olmaq üçün bu gün də yorulmadan çalışır.
Elvinin ən diqqətəlayiq cəhəti onun doğulduğu kəndə,rayona,bölgəyə qəlbən bağlılığı , mənsub olduğu xalqa, ölkəyə sevgisidir. ”Bölgədə işləməklə də böyük elmi uğurlara imza atmaq olar”-belə düşünür gənc müsahibim. 26 yaşında olduqca çətin bir sahədə, həm də Türkiyə Cumhuriyyətində elmi iş müdafiə edib alim adını qazanmaq sizə asan gəlməsin. Cənub bölgəsinin ən gənc alimi hazırda LDU-da elmi tədqiqatlarını davam etdirir.
Söhbət əsnasında müsahibim xərçəngin kimyəvi müalicəsinin tam əleyhinə olduğunu dedi. Çünki kimyəvi terapiya xərçəngi yaradan genləri məhv etdiyi kimi, orqanizmə lazımlı olan hüceyrələri də dağıdır, bədənin müdafiə qabiliyyətini yox edir.Bu xəstəliyin daha çox genetik olduğunu deyən Elvin Əliyev irsiyyətin araşdırılmasını, genlərin öyrənilməsini, xərçəngin müalicəsində nano metodları daha səmərəli hesab etdiyindən tədqiqatını da bu istiqamətdə aparır.
Həmyerlimiz bu sahədə elmi kəşfə imza atıb,milyonların dərdinə dəva ola biləcəkmi, Azərbaycanımızı dünyaya tanıtdıracaqmı? Cavabı zaman göstərəcək. Hər halda istək var və xeyirxah məqsəd işin yarısıdır deyirlər.
Dediyinə görə ,həzin musiqini, canlı təbiəti, lirik poeziyanı , axar su ilə təmasda olmağı, doğulduğu kəndin dağlarında ayaqyalın gəzməyi, ailəsini sevir.Gününün çox hissəsini çalışdığı Lənkəran Dövlət Universitetində keçirən ,əldə etdiyi elmi nailiyyətlərlə Azərbaycanımızı dünyada tanıtmaq amalı ilə çalışan ,“həyatın ən böyük neməti cansağlığıdır” deyən Elvin Əliyevin bütün insanlara arzusu sağlam həyat, can sağlığıdır. Elə bizim də.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...