Astara Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 26 illiyinə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” (Heydər Əliyev) mövzusunda  tədbir keçirilib.
Tədbiri giriş sözü ilə  Mərkəzinin direktoru Kübra Səmədova açmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra“Məhv edilmiş şəhər” mövzusunda filim nümayiş olunmuşdur.
Tədbirdə Mərkəzin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzəsində bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26 –sina keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmışdır. Az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi.  Azərbaycanın yenicə irəliləyişə doğru addımladığı bir vaxtda  xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının dünyada  tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur.  Prezident səlahiyyətlərini  həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı Soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.
 Tədbirdə mövzu əfrafında  Pedaqoji Kollecin  müəllimi Elçin Mahmudov,  şəhər 1 saylı tam orta məktəbin müəllimi Zümrüd Hüseynova çıxış etmişlər.
Sonda tədbir iştirakçıları  Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin təşkil etdiyi sərgi ilə tanış olmuşlar.
Elza Kazımova
Astarainfo.az