Astarainfo.az-ın LDU-nun mətbuat xidmətindən aldığı məlumata görə 15-16  mart tarixlərində Qafqaz Universitetlər Birliyinin (KÜNİB) qardaş Türkiyə Cümhuriyyətində keçirilən VII qurultayında Lənkəran Dövlət Universitetinin  beynəlxalq əlaqələr şöbəsinin müdiri , tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov təmsil edib.
Türkiyə Cumhuriyyətinin Maltəpə Universitetinin təşkilatçılığı ilə keçirilən qurultaya Türkiyə Cümhuriyyyətinin, İran İslam Respublikasının quruma üzv olan universitetlərinin rektorları,Rusiya Elmlər Akademiyası Türkologiya İnstitutunun , Gürcüstan, Ukrayna, Azərbaycan universitetlərinin nümayəndə heyətləri qatılıb. Qurultayın işində Türkiyə Cümhuriyyətinin Təhsil naziri İsmət Yılmaz, Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan da iştirak edib.
Qurultayda KÜNİB-ə üzv olmaq istəyən universitetlərlə yeni müqavilələr imzalanıb. Qeyd edək ki, hazırda qurum 133 universiteti özündə birləşdir. Elm, təhsil və təcrübənin uzlaşdırılması, əldə edilən uğurlardan səmərəli şəkildə birgə istifadə olunması və qurumun daha da genişləndirilməsi qurultayın gedişində ətraflı müzakirə olunub, təklif və rəylər dinlənilib.
Keçirilən görüşlər zamanı universitetlər arası münasibətləri genişləndirmək məqsədi ilə qarşılıqlı müqavilələr imzalanıb. Kiprin Yaxın Şərq, İranın Təbriz, Səhənd, Charkhe Niloulari universitetləri Lənkəran Dövlət Universiteti ilə ikitərəfli müqavilələr imzalamaq istədiklərini bildiriblər.
Qeyd edək ki, növbəti qurultay Ərdəbil Universitetində keçiriləcək.

Esmira İsmayılova

Astarainfo.az