Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və terminalın açılışı olub.
Astarainfo.az APA-nın Tehran bürosuna istinadən məlumat verir ki, açılış mərasimi İranın Astara şəhərində iki ölkənin rəsmilərinin iştirakı ilə baş tutub.
Eyni zamanda, bu gün 60 hektar ərazidə taxıl terminalının tikintisinin təməli qoyulub. Təməlqoyma və açılış mərasimində Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbər və nümayəndələri, eləcə də İranın  yol və şəhərsalma nazirinin müavini və “Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı” şirkətinin rəhbəri iştirak edib.
Layihənin açılış mərasimində Gilan əyalətinin başçısı Mustafa Salari deyib ki, Astara-Astara dəmir yolu Azərbaycan və İran arasında ticarət, mədəni və siyasi əlaqələri daha da genişləndirəcək. “Astara-Astara dəmir yolu xətti Azərbaycan və İran prezidentlərinin razılığı və iki ölkənin dəmir yolları idarəsi işçilərinin zəhməti ilə ərsəyə gəlib. Azərbaycan Respublikası Rəşt-Astara dəmir yolu xəttinin tikintisi xərclərinin 50 faizini təmin edəcək və bununla bağlı Bakıda iki ölkənin rəhbərlərinin iştirakı ilə imzalanma mərasimi keçiriləcək”,  – deyə M. Salari qeyd edib.
M. Salari bildirib ki, Astara-Astara dəmir yolunun Avropa ölkələrinə birləşməsi regionda böyük dəyişikliyə səbəb olacaq: “Nəqliyyatla yanaşı, məhsulların ixrac və idxalı,  məhsulların qablaşdırılması, paylanması və logistika sahəsində də yeni iş yerlərinin  yaradılmasına səbəb olacaq. Rəşt-Astara dəmir yolunun tikintisinin marağındayıq və bu işə ciddi nəzarət edərək tez bir zamanda başa çatdırmağa çalışacağıq”.