Aprelin 3-də Astara rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov Aprel şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan söz açıb və onların xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirib.
Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov Vətən torpağı uğrunda canından keçən şəhidlərin, o cümlədən, həmyerlimiz Pəncəli Teymurovun qəhrəmanlığından, yurd sevgisindən geniş danışıb. T.Eyvazov aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələrdə Azərbaycan Ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib.
Tədbirdə çıxış edənlər ordumuzun aprel döyüşlərində qazandığı qələbədən və bugünkü qüdrətindən bəhs ediblər.
Tədbirdə Astara Pedaqoji Kollecin tələbələri də iştirak ediblər.
Natəvan Mədətzadə
Astarainfo.az