1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Astara Uşaq Musiqi məktəbində V sinif şagirdi 13 yaşlı Aqşin Qasımovun solo konserti olmuşdur. İxtisas müəllimi Möhlət Həziyev olan Aqşin yaşının az olmasına baxmayaraq tar sənətinin sirlərinə bələd olmaq üçün böyük əzmlə çalışmış və bir saatdan çox davam edən konsertdə klassik Azərbaycan və qərbi Avropa bəstəkarlarının əsərlərini böyük ustalıqla ifa etmişdir.
Aqşin Səməd oğlu Qasımov 2005-ci ildə Astaranın Şüvi kəndində anadan olmuş, 2013-cü ildə rayon uşaq musiqi məktəbinə daxil olmuşdur. O bir sıra konsertlərdə, müsabiqələrdə iştirak edərək özünü doğrultmuş, fəxri fərman, diplom və qiymətli hədiyyələrə layiq görülmüşdür.
İlk uğurunu Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Uşaq, yeniyetmə və gənclər arasında Respublika Musiqi müsabiqəsində qazanan Aqşin 3-cü dərəcəli Diplomuna layiq görülmüşdür.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ümumtəhsil, orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların 3-cü Respublika müsabiqəsində uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur.
Tədbirin sonunda məktəbimizin direktoru Çingiz Eyvazov uğurlu çıxışlara görə müəllimi Möhlət Həziyevi, konsertmeyster Kəmalə Kərimovanı Fəxri Fərmanla, Aqşin Qasımovu isə Diplom və qiymətli hədiyyə ilə təltif etmişdir.
Gənc və istedalı tarzən Aqşin Qasımova gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Astarainfo.az