Oktyabrın 15-də Prezident Cənab İlham Əliyevin Astara rayonuna səfəri əlamətdar bir günə – ölkə başçısının prezidentlik fəaliyyətinin 15-ci ildönümünə təsadüf etdi. Bu gün məhz Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycanda bütün sahələrdə nəhəng layihələr uğurla yerinə yetirilir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan nəinki Qafqazda, bütün dünyada liderlik mövqeyini qazanmışdır.
Cənab Prezidentin 15 illik fəaliyyəti unudulmaz zəfər tarixidir. Bu tarixə nəzər saldığımız zaman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin parlaq nəticələri göz önündə canlanır. Çox fərəhli haldır ki, möhtərəm Prezidentimiz bu illər ərzində qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər.
Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər deməyə əsas verir ki, ötən müddət ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorun inkişafının təşviq edilməsi, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb.
Bunu Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra olunması nəticəsində ölkəmizin ən dilbər və füsunkar guşələrdən olan Astaranın timsalında parlaq şəkildə görürük.
Prezidentlik fəaliyyəti dövründə möhtərəm cənab Prezident İlham Əliyev doğma Astara rayonuna 8 dəfə səfərə gəlib. Bu səfərlərin hər biri rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlamətdar olub. Son illərdə Astarada 45-dən çox ümumtəhsil məktəbi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Mərkəzi xəstəxana tamamilə yenidən qurularaq ən müasir tipli avadanlıqlarla təchiz olunub. Astarada Modul tipli elektrik və Qaz Kompressor stansiyalarının tikilməsi, yol infrastruktur layihələrinin uğurla icra olunması, xüsusən ucqar dağlıq ərazilərə rahat asfalt yolların çəkilməsi, dənizkənarı park-bulvarın hər iki hissəsinin yüksək standartlara uyğun şəkildə inşa edilərək əhalinin istifadəsinə verilməsi, ən nəhayət illərdən bəri müşkül problemə çevrilmiş əhalinin içməli su ilə təmin olunması kimi mühüm əhəmiyyətə malik məsələnin həyata keçirilməsi məhz möhtərəm cənab Prezident İlham Əliyevin Astaraya və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutudur. Bütün bunlara görə astaralılar ölkə başçısına həmişə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Möhtərəm cənab Prezidentin bu ilin oktyabr ayında Astara rayonuna səfəri hər bir astaralının qəlbində böyük sevinc duyğuları yaratmışdır. Bu səfər hələ uzun müddət astaralıların xatirəsindən silinməyəcəkdir. Xüsusən illərdən bəri həllini gözləyən vacib məsələlərin – əhalinin içməli su ilə təchizi və yararsız hala düşmüş dağ kəndlərinə gedən yolların əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi diqqəti daha çox cəlb edir. Astara rayonuna səfəri zamanı Cənab Prezident Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının istifadəyə verilməsinə xeyir-duasını verərək, Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını etmişdir.
Çox fərəhlidir ki, möhtərəm Prezidentimiz bu günlərdə Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar müvafiq Sərəncamlar imzalamışdır.
Bu bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkə əhalisinin güzəranının daha da yaxşılaşdırılması üçün konkret və əməli tədbirlər görülməsinə diqqət yetirir, regionların sosial-iqtisadi inkişafının Dövlət proqramlarının icrasına özü şəxsən nəzarət edir, səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşür, onları düşündürən narahat edən məsələlərlə maraqlanır.
Qəzetin baş redaktoru kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bu görüş bir daha göstərdi ki, möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Möhtərəm Prezidentimizin respublikamızın bütün bölgələri kimi, Astara rayonunda geniş quruculuq və abadlıq işlərinin aparılması üçün imzaladığı Sərəncamlar, bu Sərəncamların uğurla icra olunması hər birimizi ürəkdən sevindirir. Məhz bütün bunlara görə astaralılar ölkə başçısına sədaqətli olduqlarını bundan sonra da əməli işləri ilə sübut edəcək, dövlətçiliyin qorunması üçün səylə çalışacaqlar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...