Hələ orta məktəbdə oxuyarkən yaşadığım Astara rayonunun gözəlliklərini düşünüb xəyala dalardım. Budur illər boyu arzuladığım xəyallar artıq gerçəkləşib və doğma Astaram daha da gözəlləşib.
Sahil boyu uzanan Park-bulvar, bir-birindən yaraşıqlı binalar, təmiz küçələr, rahat yollar, prospektlər istər burada yaşayanları istərsə də turistləri heyran edir. Bir zamanlar cığırlardan ibarət piyada yoldan bu gün ən müasir xarici markalı avtomobillərin şütüməsi, asfaltlaşdırılmış kəndlərarası avtomobil yolları, sosial-iqtisadi layihələr, şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması, yeni məktəb, xəstəxana binalarının tikintisi və əsaslı təmiri, əhalinin içməli su təminatı ümumilikdə rayonun ərazisini əhatə edən tikinti-quruculuq və abadlıq işləri bir sözlə hər yan gözə çarpacaq qədər gözəldir, yaraşıqlıdır.
2018-ci il doğma Astara üçün də yaddaqalan olmuşdur. Yola saldığımız ilin əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 18 sentyabr 2018-ci ildə tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun açılışı və cənab Prezidentin oktyabrın 15-də Astara rayonuna tarixi səfəridir.
Cənab İlham Əliyevin Astara rayonuna səfəri əlamətdar bir günə – ölkə başçısının prezidentlik fəaliyyətinin 15-ci ildönümünə təsadüf etdi. Bu gün məhz Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycanda bütün sahələrdə nəhəng layihələr uğurla yerinə yetirilir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan nəinki Qafqazda, bütün dünyada liderlik mövqeyini qazanmışdır.
Cənab Prezidentin 15 illik fəaliyyəti unudulmaz zəfər tarixidir. Bu tarixə nəzər saldığımız zaman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin parlaq nəticələri göz önündə canlanır. Çox fərəhli haldır ki, möhtərəm Prezidentimiz bu illər ərzində qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Rayonumuza səfəri zamanı dövlət başçısı Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını edərək müasir memarlıq üslubunda tikilmiş dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə yaxından tanış olmuş, görülən işlərə yüksək qiymət vermişdir. Prezident İlham Əliyevin ictimaiyyətin nümayəndələri ilə keçirdiyi səmimi görüş zamanı Astara və astaralılar haqqında dediyi xoş sözlər görüşün iştirakçısı kimi qəlbimi fərəh hissi ilə doldurdu.
Cənab Prezidentin səfərindən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astara çayı üzərində körpünün tikintisi məqsədilə müvafiq Sərəncamlar imzalaması bizi hədsiz sevindirir. Xalqımız bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə bu yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirirlər.
2018-ci ildə rayonda tikinti-abadlıq və quruculuq işləri də sürətlə davam etdirilmişdir. 9 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 11 km olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu, Bala Şahağac kənd orta, Siyatük kənd ibtidai məktəbi, Səncərədi kənd uşaq bağçası istifadəyə verilmişdir.
360 şagirdlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ilin son günlərində rayonun Rinə kəndinin qazlaşdırılması başa çatdırılmışdır. Rayonda qazlaşdırma ümumilikdə 85 %-i keçmişdir. Şəhərin prospekt və küçələrində abadlıq-quruculuq, ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər hələ də davam etdirilir.
Doğma Astaramız gündən-günə inkişaf edir, öz simasını dəyişir, ölkəmizin ən gözəl, yaraşıqlı, füsunkar diyarına çevrilir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat iclasında dediyi kimi 2019-cu ildə bizi daha mühüm, daha məsuliyyətli işlər gözləyir. Şəhər, qəsəbə və kəndlərimizdə geniş abadlıq və quruculuq işləri davam etdirilməli, turizm sektorunun inkişafı istiqamətində yeni infrastruktur layihələrin həyata keçirilməsi üçün tədbirlər görülməlidir. Qarşıdakı ildə Astara şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, mədəni-maarif müəssisələrinin inşası, elektrik təsərrüfatının əsaslı təmiri, qazlaşdırmanın başa çatdırılması və bir çox sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Doğma yurdumuz Astaranın daha gözəl və füsunkar olması üçün hər birimiz üzərinə düşən vəzifəni məsuliyyətlə anlamalı, var qüvvəsilə çalışmalıdır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...