Həyat özü güclü bir sənət əsəridir. Bunu hər kəs qavradığı kimi anlayır və nəticə çıxarır. Bugünkü müsahibim həyatı gözəllikdə anlayan, onu xeyirxah missiyası ilə daha ülviləşdirən dizayner, memar, heykəltaraş, rəssam Babaş Hacıyevdir. 1963-cü ildə fevralın 10-da zahirən həm soyuq, həm də günəşli bir gündə dağların ətəyində gözəl mənzərəli bir kənddə Rinədə Balakişinin (“Astara” qəzetində silsilə şeirləri dərc olunmuş Zamangül) ailəsində ilkin oğlan uşağı dünyaya göz açanda, əmisi ona qeyri-adi sənətkarlığı ilə el-obada xətri əziz olan Babaşın adını verir. İllər keçir bir gün Babaş yaşıdları ilə bir neçə kilometr yolu qət edərək dənizə gedir. O, sahil boyunca bir az gəzəndən sonra kənara çəkilib uşaq düşüncəsi ilə qum üzərində çınqılla müxtəlif cizgilər çəkir. Dostları “Babaş, deyəsən rəssamlıq edirsən” deyərək onun cızdığı şəkillərə baxıb gülürlər. Amma deyəsən dostları yanılmamışlar, Babaş Hacıyev yaşa dolduqca rəssam olmağı düşünür. Əvvəlcə Rinədə sonra Siyəkü kənd tam orta məktəbində oxuyarkən artıq çəkdiyi şəkillər çoxlarını heyran edir və onu Astara Mədəniyyət evində rəssam köməkçisi kimi işə qəbul edirlər. Orta təhsildən sonra o, hərbi xidmətdə nümunəvi əsgər həm də gözəl əl işləri olan gənc kimi tanınır. Xidmətdən tərxisdən sonra bir müddət Mədəniyyət Evində çalışır. Sonra Moskvada Dövlət Akademik İxtisaslaşmış sənət məktəbində 4 il təhsil alır. Müəllimləri ona təhsilini universitetdə davam etdirməyi məsləhət bilsə də o el-obasına qayıtmağa üstünlük verir. Axı rəssamlıq sənətinin ilkin sirlərini əsrarəngiz gözəlliyi və fəsillərə görə müxtəlif çalarları olan rənglərin füsunkarlığını məhz doğma yurdunda duymuşdur.
Bu gün Babaş Hacıyev artıq rəssamlıqda sözünü deyən sənətkardır. Əsərləri bir çox yerlərdə o cümlədən Nizami adına ədəbiyyat muzeyində, Rusiyada, rayonun müxtəlif muzeylərində nümayiş etdirilir. O iki il əvvəl mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə Rinə kəndində yaradılmış sənətkarlıq klubunda çalışırdı. Klub bağlandığından hazırda Marzəsəy kənd klubunun mədəni təşkilatçısıdır. Hər gün Rinədən Marzəsəyə 8 kilometr yolu gedən sənətkar, ürəyində çoxdan olan arzusunu çin etmiş, Siyəküdə rəssamlar evini yaratmışdır.O, iyirmi məktəbliyə sənətkarlığın sirlərini öyrədir. Ən maraqlısı isə istedadlı uşaqları özü axtarıb tapır.
Bir təsadüf nəticəsində Babaş Hacıyevlə onun yaratdığı rəssamlar evində tanış olduq. Otağa girərkən ani olaraq vatman kağızı üzərində adi karandaşla, yağlı və sulu boya ilə işləyən həvəskarlara baxarkən düşündüm ki, ilhamla çalışan məktəblilərin özü də misilsiz bir sənət əsəridir. Müsahibimlə söhbətləşərkən o, qarşısındakı kağıza nəsə cıza-cıza sorğularımı cavablandırırdı:
-
Nəslimizdə ana tərəfim çeşid-çeşid xalçalar toxuyan, tikmələr işləyən olublar. Deməli bu sənətkarlıq elə onlardan mənə keçib. Yeddi qardaş olmuşuq, ailənin ilk övladı kimi keçdiyim yolu onlar da keçmişlər. Rayonda, Bakıda, Rusiyada bir çox evlərin, restoranların memarı, dizayneri, rəssamı biz olmuşuq. Övladlarımın da üçü gözəl əl qabiliyyətli sənətkarlarıdır.
Söhbət əsnasında müsahibim karandaşı yerə qoyub məktəblilərə məsləhət verməyə başladı. Fürsəti ara vermədən onun bir an içində çəkdiyi rəsmə baxarkən bir qədər heyrətləndim və təəssüfləndim. Necə də canlı rəsm yaratmışdır. Təəssüfləndim ona görə ki, əgər ona vaxtında dəstək verən olsaydı yəqin ki, adı Azərbaycanın məşhur sənətkarları ilə birgə çəkilərdi.
Həmsöhbətim düşündüklərimi anlayıbmış kimi bir azdan söhbəti davam etdirdi:
-
Həftədə iki dəfə uşaqlarla məşğul olur, qayğıkeşcəsinə tövsiyələrimi verirəm. Bəlkə də, onlardan gələcəkdə güclü sənətkarlar yetişdi. İnşallah bura mütəxəssisləri də dəvət etmək fikrindəyəm. Təbiət rənglərdən ibarətdir, hər rəngin də özünəməxsus bir neçə çaları var. Bu rəngləri həyat kimi duymaq, sevmək lazımdır. İnsan həyatda tək özünü yox, başqasını da düşünməyi, xeyirxahlıq etməyi özünə borc bilməlidir. Azərbaycan oğulları vətən yolunda, torpaqlarımızın bölünməzliyi uğurunda şəhidliyin zirvəsinə yüksəlmişlər. Onlardan örnək, ibrət götürməliyik. Balacaların marağına görə rəssamlar evini yaratmışam. Axı Rinədən, Siyəküdən Astaranın mərkəzinə getmək onlar üçün əlbəttə çətin olar. Özüm beşinci sinifdə oxuyarkən atam marağıma görə Lənkəranda fəaliyyət göstərən rəssamlıq dərnəyinə məni yazdırmışdı. Dekabr ayında əllilərin V ümumrespublika sərgisində “Rəsm əsərlərinin numinasiya” üzrə diplomla təltif edilmiş, II yeri tutmuş şagirdim Tükəz Canıyevanın qələbəsinə ən çox sevinən özüm oldum.