Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Təkirdağın millət vəkili Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
TBMM-yə sədrlik uğrunda 4 namizəd mübarizə aparıb. Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası AKP xeyrinə sədrliyə namizəd irəli sürməyib.
Mustafa Şentop səsvermənin üç turunda tələb olunan sayda səs toplayaraq Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Bu vaxtadək Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbərlik edən Mustafa Şentop ixtisasca hüquqşünasdır. O, ardıcıl olaraq dörd çağırışda Türkiyə parlamentində təmsil olunur.
Parlamentin iclasında digər təşkilati məsələlərə də baxılıb. İspartadan olan deputat Sürəyya Sadi Bilgiç Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbər seçilib.
Xatırladaq ki, TBMM-nin keçmiş sədri Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün spiker postundan istefa verib.(AZƏRTAC)