Ordumuz-Qüdrətimizdir
Ana Vətənim ulu diyar Azərbaycan! Təbii sərvətli məmləkətim. Sənin tüstün belə özgə yerin odundan da, atəşli-alovludursa, vətəndaşlıq qayəmiz bu ulu dövlətə həmişə sadiq olmaq deyilmi? “Milli qürur hissi hər birimizdə bütün duyğulardan üstün olmalıdır. Hər bir kəsdə vətəndaşlıq hissi, vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır” kimi diləklərini xalqına bəyan edən dahi siyasətçi Heydər Əliyev necə də haqlıdır!
Dünya miqyasında əks-səda doğuran Aprel döyüşləri həcminə görə atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurmasıdır. İşğalçı Ermənistan ordusunun təxribatçı hücumlarını cəsurcasına, mübarizcəsinə susdurdu, ağır texnikasına güclü zərbələr vurdu Azərbaycan Ordusu, Silahlı Qüvvələrin cəsurluğu ilə Tərtərin Madaqız, Talış, Qazaxlar, Cəbrayılın Cocuqmərcanlı, Lələtəpə yüksəkliyi, Goranboyun Gülüstan kəndləri ümumilikdə 2000 hektarlıq ərazinin azad edilməsi igid döyüşçülərimizin parlaq qələbəsi oldu. Əlbəttə, mübarizə, savaş qurbansız, itkisiz olmur. Azərbaycan da bu döyüşdə neçə-neçə igidini itirdi. Vətən torpağı şəhidlərin qanına bələndi. Bu ağır, dözülməz dərddir. Bu ölüm-itimlərin ana fəryadını duymaq, hönkürtüləri eşitmək necə də dəhşətli fəlakətdir. Amma yox, acımız dərin olsa da fərəhimiz, sevincimiz də var. Azad edilmiş el-obanın işığa, nurlu aləmə qərq olması, orada körpə qığıltısının eşidilməsi, şirin canını fəda etmiş igidlərimizin nişanəsi deyilmi?.
Vətən Oğlu- İgid Pəncəli
Dünyaya bircə dəfə göz açmış hər kəsin nə vaxtsa işıqlı həyata gözləri əbədi yumulur, ruhu cismindən ayrılır. Ölüm mələyinə ruhumuzu tapşıranda qəlbimizdən nələr keçir, bax, onu yalnız uca Rəbbimiz duyur. Bəzən isə ölümündən öncə dilənən arzular sonra əbədiyyətə qədər yaşanır, dillərdə dastana çevrilir. Qədim Astaranın köksündə dağlara söykənən bam-balaca Əzərüd kəndində doğulmuş, Vətən yolunda şəhid olmuş Pəncəlinin arzusu kimi…
1981-ci il martın 24-də Nurməmməd kişi ilə Vahimə ana yenidən sevindilər. Yazın ilk gəlişində, ağacların tumurcuqlandığı, çiçəkləndiyi, təpə-yamacların yaşıl xalıya büründüyü məqamda ailənin üçüncü övladı dünyaya gəldi. Gəlişi ilə ailəyə sevinc bəxş edən körpənin adını atası hərbiçi dostunun şərəfinə Pəncəli qoyur. Sanki bununla da uşağın taleyinə hərbiçilik qisməti yazılır. Balaca böyüyür, yaşa dolur. Bir gün Asxanakəran kənd orta məktəbini bitirir.
Məktəbdə yaxşı oxusa da təhsilini davam etdirmir. Hərbi xidmətə yola düşəndə isə qəlbi arzusu ilə coşub-daşırdı. Xidmətdə kəşfiyyatçı sirlərini öyrənir, nümunəvi əsgər kimi tanınır. Xidmət dövrü başa çatanda tərəddüd etmədən könüllü Azərbaycanın xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı-diversant taboruna yazılır. O, dəfələrlə Türkiyə Respublikasında keçirilən təlimlərdə iştirak edir. Növbəti təlimlərin birində Azərbaycanı təmsil etməklə 6 ölkənin arasında I yeri tutur. Qaynar döyüş nöqtələrində apardığı kəşfiyyatlar onu hərbi hissədə “Qurd Pəncəli” kimi tanıdır. Ömrünün 17 ilini Vətənə, onu müdafiəsinə sədaqətlə sərf edən bu igid kəşfiyyatçı Vətən məhəbbətini hər şeydən üstün tutur. Bəlkə də ona görə ailə həyatını hələ düşünmür. Nəhayət 2013-cü ildə bəxt ulduzu parlayır. Kalininqraddan Əzərüdə qonaq gəlmiş xalası qızı Elviraya könlünü verir. 2013-cü ilin isti avqust ayı. Qızmar yandırıcı günəşdən sonra axşamın sərinliyində Pəncəli ilə Elviraya toy-büsat qurulur. Bir ailənin səadət təməli qoyulur. Pəncəli şad günündə ürək sözlərini dilə gətirəndə mağarda çalıb-oynayanlar bir anlıq susub dururlar. İnsan da toy günündə özünə ölüm arzulayarmı? Və bu diləklər də reallaşarmı? Əbəttə, bu da sirri Xudadır!.. “Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu eləmişəm ki, Vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üç rəngli, ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.
Vətən oğlu sən söylədin, uca Rəbbimiz də duanı çin etdi, şəhidliyin zirvəsinə ucaldın, dillərdə dastan, qəlblərə sirdaş oldun! Yazda doğuldun və bu rəngarəng fəsildə də əbədiyyətə qovuşdun. Ruhun şad olsun!
Pəncəli Teymurov Vətənə xidmət etdiyi 17 il ərzində çoxlu döyüş mükafatları, medalları, fəxri fərmanları almışdır. 2015-ci ilin 24 iyununda ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə medalı”na layiq görüləndə Pəncəlinin sevinci aşıb-daşırdı. Vətən sevgisi onu daha da qorxmaz, cəsur, peşəkar olmağa səslədi. Yüksək fiziki hazırlığı onu daim qələbə əzmi ilə döyüşdürürdü. Kəşfiyyatçı kimi paraşütlə neçə-neçə çətin həmlələri dəf etmiş və hərbi hissəyə dönmüşdür. Bir dəfə tale onu ölümlə də sınamışdır. Eloğlumuz üçün mənfur düşmənin üstünə şığımaq bir içim su kimi asan olurdu. Onun peşəkarlığı, bacaracağı, döyüş yoldaşlarının komandiri sevindirsə də onu itirməkdən çox qorxurdular. Amma əcəl aman vermədi. İgid döyüşçünün arzusu həyata keçdi. 2016-cı ildə dünyaya gəldiyi fəsildə canından çox sevdiyi Vətən torpaqları uğrunda şirin canını fəda etdi və əzizlərinə, onu sevənlərə bir ömür boyu unudulmayacaq xatirələri ərməğan qoydu. Dövlət rəhbəri onun şəhidliyini “Vətən uğrunda medalı”na layiq gördü.
Kimliyindən asılı olmayaraq ömrünün nakam çağında həyatdan köçən cavanların taleyinə yanılır “çərxin dönsün fələk, necə qıydın ona” deyə söylənilir. Əslində cavan ikən arzu dolu ürəklə köç edənlər Qadir Allahın sevilən bəndəsidir. Şəhidlərə gəlincə isə “Şəhidlərə ölü deməyin, onlar Allah dərgahında diridirlər” müqəddəs kəlam onların şəninədir.
Hər kəsə nəsib olmayan şəhidlik şərbətini içən eloğlumuzu Ana Vətən də həmişə dəyərləndirir. Üç ildir şəhidliyinə həsr edilmiş oxuduğu məktəbdə yüksək səviyyədə tədbirlər həyata keçirilir. Astara şəhərində küçələrin biri Pəncəli Teymurovun adına əbədiləşdirilib. Bu küçəni keçən hər kəs şəhidi məhəbbətlə anır, ruhuna dua oxuyurlar.
O, həmişə mənimlədir
Əzərüddə Pəncəlinin doğulduğu ocaqda qəlbi nisgilli Elvira ilə tanış olmaq istədim. Qaynanası “onu heç kim danışdıra bilmir, çətin sizinlə də danışa” deyəndə “Vahimə ana, məni onunla görüşdür, sadəcə salamlaşaram” söylədim. Həyətdəki izdihamdan ayrılıb evə qalxdım. Bir otağa yığışmış qadınlara salam verib “Elvira kimdir” deyib baxışlarım sanki tanıyırammış kimi gözləri nəmli xanıma dikildi. Həmin xanım güclə eşidiləcək tərzdə “mənəm” deyəndə onu qucaqladım və qulundan tutub stol başına gətirdim. Qaynanası bizi maraqla izlədiyindən nə soruşacağımı bilmirdim. Bir qədər baxışandan sonra söhbətə körpü saldım. O, məni dinləməklə məlul-məlul üzümə baxırdı. Əlimi çiyninə qoyaraq “səni anlayıram” dedim. O, ani olaraq söhbətə başladı. “Məhəbbətini mənə telefonda bildirəndə “düşünərəm” demişdim. Və düşündüm qərara gəldim ki, belə mətin, qorxmaz yaraşıqlı Vətənini, el-obasını, ailəsini sevən fədakar cavana “yox” demək olmaz. Ailə qurduq. Yaşadığımız 3 ilə yaxın müddətdə onu daha çox sevdim. Vətən yolunda şəhid olmasını telefonla öyrənəndə heç cür inana bilmədim ki, Pəncəlini bir daha görə bilməyəcəm. Yaxşı ki, yuxularıma tez-tez gəlir və “darıxma mən həmişə səninləyəm” deyərək məni ovundurur. Bilmirəm Pəncəlidən sonra taleyim necə olacaq amma əziz xatirəsi, sevimli surəti həmişə mənimlə birgə yaşayacaq.
Bakıda tanınmış tibb müəssisələrin birində uşaq həkimi işləyən Elvira xanım hər gün uşaqlarla təmasda olur, onlara tibbi xidmət göstərir. Pəncəlidən nişanəsi olmasa da, məsum fidanlara doğma balası kimi baxır. Axı sevimli sirdaşı körpələrin xoşbəxt gələcəyi naminə Vətən yolunda şəhid olmuşdur.
Ana dəyanəti
Ana balasına lay-lay çalıb yatızdıranda ona şirin yuxu ilə yanaşı xoş arzularını da Allahdan diləyir. Dağlara sığınmış Əzərüddə Vahimə ana 7 övladını çətin dağ şəraitində böyüdüb. Onların hər birini sevib əzizləsə də Pəncəli özünü daha çox sevdirmişdi. Ev, təsərrüfat işlərində, əkin-biçində valideynlərinə həmişə dəstək olardı. Hələ balaca ikən qorxmazlığı, cəsurluğu ilə yaşıdlarından seçilərdi. Sinəsinə dağ çəkilmiş ana məğrurcasına danışır .“Düzdür, qəlbim ağrıyır, gözümün yaşı qurumur, qara yaylıq başımdan düşməyir. Övlad acısı, boy-buxunlu oğul itirmək çox çətindir. Başqa şəhid anaları kimi təsəllim Vətənin sabitliyi, torpaqların bölünməzliyidir. Mənə qalan oğlumun xatirələri bir də Vətənimin bərqərarlığıdır. Pəncəlinin qoxusunu mənə əmanət qoyduğu ağıllı gəlinim Elvira balamdan alıram.
Dayısının adaşı- körpə Pəncəli
Qucaqlarda məhəbbətlə əzizlənən, sevilən körpə olduqca şirin, yaraşıqlıdır. Kim bilir, bu gün heç nə anlamayan yaş yarımlıq körpə bəlkə də gələcəkdə dayısı kimi qoçaq, mübariz, fədakar gənclərdən biri olacaq. Axı “igid oğlan dayısına oxşar” deyiblər.
Zəngin təəssüratlı mərasim
Asxanakəran kənd tam orta məktəbində Pəncəli Teymurovun şəhidliyinin 3-cü ildönümünə həsr edilmiş təntənəli mərasim oldu. Olduqca zəngin təəssüratlı maraqlı, anım tədbirində rayonun məsul işçiləri, Əzərüd, Toradi, Hamoşam, Şümrüd, Pəlikəş, Deqədi, Çayoba , Şüvi, Siyaku kəndlərinin camaatı, ziyalıları, məktəb direktorları, məktəblilər, Bakıdan, Sumqayıtdan gələn qonaqlar iştirak edirdi. Aparıcı məktəbin direktoru Əlican Hacıyev şəhid Pəncəliyə həsr edilmiş mərasimi açıq elan edəndən sonra Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əlican müəllim şəhidin keçdiyi döyüş yolundan, kəşfiyyatçı kimi uğurlarından, qorxmazlığından danışdı. Mərasimdə Ombusman Aparatının Cənub Regional İdarəsinin rəisi Ziya İsmayılov, rayon icra hakimiyyətinin məsul işçisi Tural Eyvazov, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, rayon hərbi komissarlığının məsul işçisi Mehman Abışov, Pəncəli Teymurovun adını daşıyan Siyakü Boks məktəbinin rəhbəri Eldar Əhədov, Pəncəlinin valideynləri, qardaşı Famil müəllim, əmisi Şirməmməd müəllim, Hamoşam, Təngərüd, Marzəsə məktəbin direktorları, Asəf Abdulov, Xaqani Mahmudov, Akif İsgəndərov, təqaüdçü Kamil Kamilov, dostları Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev çıxış edərək aprel döyüşlərində qəhrəmanlıqla şəhid edilmiş Pəncəli Teymurovdan ürək dolusu söhbət açdılar. Məktəbin şagirdləri Ləman İrşadlı, Sevinc Rüstəmova, Lamiyə Qurbanzadə, Sevana Teymurova, Fürsət İrşadlı igid döyüşçü Pəncəlinin şərəfinə yazılmış Təbrizə Pünhanın şeirlərini xoş avazla söylədilər. Məktəblilərin avazı dağlarda əks-səda verdikcə Pəncəlinin çox sevdiyi üç rəngli Azərbaycan bayrağı dalğalanır və alqışlar qopurdu. Məktəbin hərbi müəllimi Həsrət Fərhadovun hazırladığı “Şəhid Pəncəlim” hərbi marşı hərbi geyimli məktəblilərin ifasında səslənməsi mərasim iştirakçılarına heyrətamiz təəssürat bağışladı. İstər şeir söyləyənlərin, istərsə də hərbi marşı təqdim edənlərin ifası o qədər canlı, dolğun olduğundan onlara qarşı qəlbimdən bir nida qopdu. “Maşallah, siz ki, bu qədər Vətəni sevir, məktəbin məzunu igid Pəncəlini ehtiramla anır, sizinlə fəxr etməyə, qürurlanmağa dəyər. Alqış yenə də alqış!
Anım mərasimində Pəncəlinin toy günündə söylədiyi arzusu səslənəndə istər-istəməz hər kəs təsirləndi. 1932-ci ildən fəaliyyət göstərən Asxanakəran kənd tam orta məktəbi Qarabağ döyüşlərində üç şəhid verib – Rüstəmov Bəxtiyar, Qurbanov Sarvan və Teymurov Pəncəli.
Məktəbdə vaxtaşırı mədəni-kütləvi tədbirlər, şəhidlərin anım günləri keçirilir. Hazırda məktəbdə 22 müəllim çalışmaqla 158 şagird oxuyur. Məktəbin 23 məzunu ali məktəblərdə təhsil alır. 16 məzunu isə gizir Pəncəli Teymurovun xatirəsini yaşatmaq arzusu ilə Xüsusi Təyinatlı Hərbi Hissədə könüllü olaraq Vətənin xidmətindədir.
Anım tədbirinin təntənəli şəkildə qeyd olunması məktəb rəhbərliyinin uğurlu göstəricisidir. Təşkilata gəlincə isə kəndin icra nümayəndəsi Səlahəddin Əliyevin mərasimin keçirilməsində böyük zəhməti olduğu hiss olunur.
Xəfif-xəfif əsən mehli yaz səhərində üzü, arxası dağlara sarı məktəbin həyətindəki canlanma yaddaşlarda dərin iz buraxmaqla zaman-zaman yaşanacaqdır.
Sükuta qərq olmuş məzarlıq
Asxanakəran icra nümayəndəliyinə 10 para-Daster, Bəlbay, Vıləpərqo, Ambobə, Şıxopeştə, Əzərüd və başqa kiçik təsərrüfatlı kəndlər daxildir. Ümumilikdə 2500 əhali yaşıyır. Əzərüddə isə 46 ev təsərrüfatı, 57 təsərrüfat, 203 əhali vardır. Anım tədbiri bitəndən sonra izdiham üçrəngli bayrağın dalğalandığı maşınlara doluşaraq bir neçə kilometrlikdə olan Əzərüdün balaca məzarlığına doğru axışdılar.
Bu da sükuta qərq olunmuş məzar daşları… Qara mərmərli baş daşında şəkli əks olunmuş Pəncəli Teymurov onun başına yığışan izdihama vüqarla baxırdı. Din xadimləri tərəfindən şəhidin ruhuna dualar oxundu, Quran xətmə verildi, salavat göndərildi. İzdiham saf coşqu ilə gizir şəhidin yad edərkən birdən-birə hava dəyişildi. Göydən damcılanan yağış sanki duaların Allah dərgahında dərəcəyə çatdığını bildirən mesaj idi.
Məzarlıqdakı tək-tük qəbir daşlarının yanında diametri böyük qara mərmərli baş daşında Pəncəli Teymurov sanki həmkəndlilərinin mühafizəçisi kimi görünürdü.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Qardaş məhəbbətinin rəmzi – Pəncəli Muzeyi
Gizirin doğulduğu ocaqda ehsan süfrəsi açıldı. Yenə dualar oxunandan sonra Elbrus, Eldost, Famil və Ətrafil qardaşlarının ucaltdığı ikimərtəbəli evdə, Pəncəlinin adını daşıyan xatirə muzeyi ilə tanışlıq da maraqlı oldu. Muzeydə şəhidə məxsus hərbi, ev, idman geyimləri, ayaqqabılar, çəkmələr, kəmərlər, qol saatları, şəkillər, medal-nişanlar, onun şərəfinə yazılmış jurnal, kitab, qəzetlər, Türkiyə Respublikasında hədiyyə edilmiş suvenirlər, sürdüyü maşın bir sözlə şəhidə məxsus hər şey burada saxlanılır. Muzeyə qalxarkən adamın gözünə sataşan ilk əşya pilləkanın taxta qulpuna keçirilmiş çanta və yerdəki hərbiçi çəkməsi oldu. Bunu simvolik mənasını qardaşı Famil müəllim beləcə izah etdi: “Qardaşım bu əşyaları həmişə eyni yerdə qapının girəcəyində qoyardı.” Xatirə muzeyindəkilər şəhid ömrünün yaşam tərzini adama xatırladır. Adəm övladının qəlbi daş, dili lal olmalı, gözü qapanmalı, bu nisgilli aləmi görməyə, duymaya və sızlamaya…
Alqış Elbrus, Eldost, Famil, Əfrayil qardaşlarına ki, igid gizir Pəncəlini, el-obasının fəxrini muzeydə bir daha qəlblərdə yaşadırlar.
P.S Enişli-yoxuşlu, daşlı-çınqıllı, dərəli-təpəli yollarda şütüyən maşınlar getdikcə uzaqlaşırdı. Arxada isə aprel döyüşlərinin şəhidi gizir qəhrəman Pəncəli Teymurovun ata ocağında yaşanmış təəssüratlar, xatirələr, dualar, alqışa qalırdı!..
Gülnar Əsədli
Astarainfo.az