Bakı. Trend:
Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Macarıstanda səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində həmin ölkənin İnsan Resursları naziri Mikloş Kaşlerlə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji xarakter daşıdığını qeyd edən S.Babayev bu əlaqələrin geniş miqyas alması üçün məqsədyönlü addımlar atıldığını bildirib. Azərbaycanda dinamik inkişafın təmin edilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdıran nazir Prezident İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu vurğulayıb.
Nazir ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində innovativ inkişafın təmin edilməsi məqsədilə aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. S.Babayev Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımları qeyd edib. O, əhalinin sabit artım tempinin mövcud olduğu ölkəmizdə məşğulluq imkanlarının artırılmasına yönələn mühüm proqramların sayının və əhatə dairəsinin ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini deyən S.Babayev Macarıstanın İnsan Resursları Nazirliyi ilə də əməkdaşlığın qarşılıqlı fayda verə biləcəyini bildirib.
M.Kaşler iki ölkənin əlaqələrinin daim inkişafda olmasının məmnunluq doğurduğunu qeyd edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyət sahələrində aparılan islahatlar, əhalinin rifahına xidmət edən addımlar, etibarlı təminat sisteminin qurulması, milli pensiya sisteminin təkmilləşdirilməsi, uşaq və gənclərlə bağlı siyasət və s. sahələrdə görülən işlər barədə məlumat verib. M.Kaşler iki nazirlik arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün əhəmiyyətli olacağına əminlik ifadə edib.
Görüşdə sosial müdafiə, pensiya və müavinət sistemlərinin idarə olunması və təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, peşə hazırlığı, əlilliyi olan şəxslərin reabilitasiyası, dövlət sosial xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkili və s. sahələrdə əlaqələrinin qurulması və inkişaf etdirilməsinin, həmçinin bilik və təcrübə mübadilələrinin zəruriliyi ilə bağlı yekdil fikir ifadə olunub. Bu məqsədlə iki nazirlik arasında bir əməkdaşlıq sənədi kimi yaxın dövrdə Anlaşma Memorandumunun imzalanmasının da məqsədəuyğun ola biləcəyi vurğulanıb.