Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistanın kapitulyasiya aktıdır. Ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər təslim oldular…
Bu sözləri astaralı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev söyləyib.
Rəngli boya ilə çəkdiyi rəsm əsərini “Böyük Qələbə” adlandıran astaralı rəssam, bunu Azərbaycanın Vətən müharibəsində qazandığı Böyük Qələbəyə və əslən Şuşadan olan atasının ruhuna həsr etdiyini bildirib.
O deyib: “Şuşa şəhərinin işğaldan azad olunması məni həm ruhlandırdı, həm də ilhamlandırdı. Nəticədə, “Böyük Qələbə” əsəri meydana gəldi. Atam Mövsüm Quliyev 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, Gürcüstan Geodeziya Topoqrafiya İnstitutunu bitirib. İkinci Dünya müharibəsində sovet ordusunun tərkibində uzun müddət hərbçi kimi Rumıniyada öz ixtisasında işləyib. Müharibədən sonra hərbçi kimi fəaliyyətini Astara rayonunda davam etdirib. Astarada ailə həyatı qurandan sonra rayonda yer quruluşçusu və arxitektor vəzifəsində işləyib”.
Azərbaycan xalqının birliyinin, bir yumruq kimi öz Prezidenti ətrafında sıx birləşməsinin rəsm əsərinin əsas leytmotivini-ana xətini təşkil etdiyini vurğulayan F.Quliyev, tablonun fotonüsxəsinin Astara Rayon Dövlət Rəsm Qalereyasında nümayiş olunduğunu diqqətə çatdırıb.
Evinin birinci mərtəbəsindəki emalatxanasında hər gün gənclərə bu sənətin incəliklərini öyrədən astaralı rəssam “gələcəyin rəssamları”nı hazırlayır.
“Rəssam kimi ən böyük arzum-atamın yurdunda, Şuşa şəhərində rəsm əsərlərimin sərgisini təşkil etməkdir”, – deyə bildirib.(Azərtac)
Ev ASTARA XƏBƏRLƏRİ Astaralı rəssam: Ən böyük arzum atamın yurdunda – Şuşada rəsm əsərlərimin sərgisini...