Uzun illər idi ki, dövlət tədbirlərimizi yurd həsrəti, şəhidlərimizin ruhu qarşısında mənəvi borcla, boynumuzdakı ağır mənəvi yüklə, qəlbimizdə böyük nisgillə keçirirdik. 30 illik torpaq həsrəti sevincimizi, qəhrəman, döyüşkən xalq imicimizi əlimizdən almışdı. Və hər dəfə qisas qiyamətə qalmaz deyərək, Prezidentimizə, Ali Baş Komandana böyük inamla zəfər gününü gözləyirdik.

Nəhayət ki, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi.

Vətən Müharibəsində Astara rayonundan 574 nəfər iştirak etmiş, 41 nəfər şəhid olmuş, 138 nəfər yaralanmış, sağlamlığını itirmişdir. Ümumilikdə I və II Qarabağ müharibəsində rayonumuzun 124 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.

8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi ilə əlaqədar cənab Prezidentin Sərəncamından sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü və təşkilatçılığı ilə ötən ilin dekabr ayında Astara şəhərinin Heydər Əliyev prospektində Zəfər Parkının inşasına başlandı.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və möhtəşəm tarixi zəfəri özündə əks etdirən, müasirliyi ilə seçilən, xüsusi dizaynla inşa edilmiş xatirə abidəsi Silahlı Qüvvələrinin yaranması günü ərəfəsində, 25 iyun 2021-ci il tarixdə istifadəyə verilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev parkın açılışını bildirən rəmzi lenti kəsərək iştirakçıları qələbə münasibəti ilə bir daha təbrik etmişdir. Bildirmişdir ki, 30 illik işğala 44 gün müddətinə son qoyan Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz bizim qürur mənbəyimizdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək, dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri, şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı.

Azərbaycan Ordusu düşməni döyüş meydanında əzdiyi kimi, xalqımızın dəmir yumruqtək birliyinin simvoluna çevrilən Prezident İlham Əliyev də çıxışları, müsahibələri ilə düşməni siyasi meydanda məğlub edərək adını tarixə qızıl hərflərlə yazdı.

İcra başçısı qeyd etmişdir ki, qəhrəman oğullarımız birinci Qarabağ müharibəsində də Vətənin müdafiəsinə qalxdılar. Lakin vahid komandanlığın olmaması, ordudakı hərc-mərclik, ölkədəki anarxiya və xaos torpaqlarımızın itirilməsi, işğalı ilə nəticələndi.

Nəhayət ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman döyüşçülərimizin fədakarlığı ilə qısa müddətdə torpaqlarımızı işğaldan azad edərək zəfər tarixi yazdı.

Ermənistanın uzun illər ərzində qurduğu istehkamları məharətlə yarıb keçərək yüzlərlə yaşayış məntəqəsini və mühüm strateji yüksəklikləri belə qısa müddətdə azad etmək dünya hərb tarixində nadir hadisələrdəndir. Bu tarixi qələbənin əldə edilməsində rayonumuzun qəhrəman oğullarının da misilsiz əməyi vardır.

Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar.

Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, qəhrəman övladlar böyütdüyünə görə şəhid valideynlərinə dərin hörmət və ehtiramımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçular müxtəlif orden və medallarla təltif edilmişdir.

Qələbə rəmzi olan Zəfər Parkında bu medalların təqdim edilməsi bizim üçün qürurvericidir.

İcra başçısı şəhid polkovnik-leytenant Nail Orucovun təltif olunduğu “Azərbaycan Bayrağı” ordenini və “Vətən uğrunda” medalını oğlu İbrahimin döşünə taxaraq atası ilə bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu bildirdi.

Sonra “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan digər şəhid hərbi qulluqçuların ailələrinə və qazilərə medallar təqdim olunmuşdur.

Şəhid ailələri və qazilər çıxış edərək erməni işğalına son qoyaraq xalqımıza qələbə sevincini yaşadan, şəhidlərimizin qisasını alan, eyni zamanda qəhrəman oğulların əməyini qiymətləndirərək orden və medallarla təltif edən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişlər. Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, böyük qələbəyə, zəfərə həsr olunan bu xatirə abidəsinin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulamışlar.